Azərbaycanda antiqlobalizm və ziyalı mövqeyi barədə

Dərc edildi: Aprel 11, 2010 / Aktual

Ölkəmizdə mən “anti-qlobalistəm” deyərək, məsələn ən azından Coca-cola içməyən, Che Guevaranı sinəsində gəzdirən və s. etməyə çalışan gənc insanların sayı artmaqdadır.

 Əslində gənclərin dünyadakı sosial-ictimai-siyasi hərəkatlarla yaxından maraqlanıb da, bunlara biganə qalmamaısı, hansısa bir mövgeyi sərgiləməyə çalışması, ən azından hər şeyə biganə, apatik “tərəvəz” (E.Limonov) olmaq istəməməsi özü çox müsbət haldır.

Lakin nə qədər təəccüblü gəlsə də, bunun, “analogu olmayan”, doğrudan da fenomenal ölkəminzədə, artıq neçə zamandan bəri və getdikcə daha da intensivləşən mənfi təsirini izləməkdəyik. Bildiyiniz kimi, hakimiyyətin “ideoloqları” (şərti olaraq, 5 aşağı, 10 yuxarı ümumiləşdirilmiş obraz kimi Zahid Orucu götürək), cəmiyyətdəki biabirçılıqları pərdələmək üçün “bizim öz yolumuz var” mövzulu “minusovka”nı fırladır, hətta irəliləmişləri “Azərbaycanın sivilizasion seçimi”-falan kimi ifadələr işlədir (bəziləri hətta daha da qabağa gedərək Duginin geosiyasət nəzəriyyəsindən copy-paste edərək antiatlantizm kimi ibarələrdən yararlanır), inkişafın bir deyil, çoxlu müxtəlif yollarının olduğunu vurğulayırlar. Yəni ki, Qərb demokratiyası-falan bizlik deyil, buna xalq da hazır deyil, bizim böyük “milli-mənəvi dəyərlərimiz” (rüşvət, ağa-nökər, yaltaqlıq və s.) vardır və biz sadiqcəsinə “tutduğumuz” bu yolla gedəcəyik.

Əlbəttə ki, “bizimkilərin” bütün bu “ideoloji nəzəriyyələrinin” müəllimləri Rusiyadadır, bütün terminlər də (məsələn Surkovun “suveren demokratiya”sı kimi) onlardan da kobudcasına əxz edilərək burada təkrar edilir. Yenə də vurğulamaq gərəkdir ki, burada məqsəd inkişafın sadəcə bir yolu deyil, müxtəlif olduğu əsaslandırmaq, başlıca məsələ isə hədəf kimi demokratiya, vətəndaş cəmiyyəti anlayışlarını postmodernistcəsinə qarışdırılmasıdır. Ən əsas məsələ isə korrupsion rejimə mümkün olan bütün vasitələrlə bəraət qazandırmaqdır – necə deyərlər məqsəd aydın, hədəf bəlli!

Bu işdə əsas “müəllimlər” artıq qeyd etdiyimiz kimi Dugin və Surkov olduğundan – onların isə istisnasız olaraq bütün işləri antiatlantizm üzərində və müvafiq olaraq antiqlobalizm istiqamətində qurulmuşdur – “bizimkilərin” də tüm ideyaları yalnız bu cənabların fikirlərindən ibarətdir.

2005-ci ildən bəri gələn pessimizm dalğasında bir çoxlarımız, ölkəmizin demokratiyaya, vətəndaş cəmiyyətinə hazır olamdığını, bir çox işlərdə isə günahın hakimiyyətlə bərabər xalqın da üzərində olduğunu qeyd edirdik. Dediyim bu nihilist dalğa bir çox güclü, qətiyyətli, istedadlı insanları əhatə etmişdi və onlar sanki kimdənsə intiqam alırmış kimi öz fikirlərini – hərə müxtəlif rakursdan: elmi-nəzəri və ya satirik-mırt – hər vasitə ilə sübuta yetirir, bu işdə istedad və bacarığını əsirgəmirdi.

Bu isə böyük səhv idi və Zahid Oruca da bu lazım idi – bizim kimilərinin mediada, dəyirmi masalarda, forumlarda-falanda, hətta bədii əsərlərdə sərgilədiyi fikirlərdən lazımınca yararlanıb, hakimiyyətin ruporu kimi, xalqın demokratiyaya hazır olmadığını, ölkədə insan problemi olduğunu daima vurğulamağa başladı. Söhbət sadəcə plaqiatdan getmir, bu ideyaların təkrarı, sərgilənməsi və inkişafı hakim təbəqələrə nə qədər lazım olduğu mənim üçün indilərdə anlaşılmağa başlayıb. Demək belə çıxır ki, bizim bir çoxumuz, özümüz də bilməyərəkdən uzun illərdir bunlara havayıca volontyorluq etmişik. Antiqlobalizm isə “bizimkilər” üçün “milli-mənəvi dəyərlərimiz”i qoruyacaq bazisdir, hansı ki, həmin o “milli-mənəvi dəyərlərimiz”ə arxalanıb feodalizmin iyrənc bir formasını artıq qurublar.

Demək, çox da dərinliyə getmədən qısaca xülasə etdikdə, hakimiyyət ideoloqlarının 2 əsas tezisi var:
1. İnkişafın özəl yolları vardır.
2. Xalq demokratiyaya hazır deyil.

Doğrudur, Elmar Hüseynovun adlandırdığı kimi “qeyri-senzuralı sifət”lərə malik çoxli-çoxlu odioz xadimlər ordusunun “Almaniyada da rüşvət var”, “Prezidentimizdən bir dənədi” kimi tutarlı arqumentləri də var, amma daha bunları nəzərə almayaq, “intellektuallar” ilə kifayətlənək.

Beləliklə, istənilən halda bizim antiqlobalistlər də, günahı xalqda görmək istəyən ziyalılar da hakim təbəqə üçün göydəndüşmə almadır: kor nə istər? iki göz.

Bundan sonra istər antiqlobalizm ritorikası, istərsə də xalqı nədəsə günahlandırmaq sadəcə Zahid Oruca işləməkdir cənablar. Bilmirəm deyə bildim, ya yox.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma