Lech Kaczynski – Katına tələsən prezident

Dərc edildi: Aprel 23, 2010 / Aktual

Bu nə qəribə və müdhiş zamandır, biz yaşayırıq?

Cəmi bir neçə günün içərisində nələr baş verdi: Qırğızıstanda çevriliş nəticəsində prezident ölkəsindən çıxarıldı, Katına uçan Polşa elitası məhv oldu, Az.TV indi də Amerikanın canına o ki var döşəyir (təxmini belə tipli danışıqlar eşidilir: “Amerika ehtiyatlı olmalıdır” – daha sözüm yoxdur!), Rabitə naziri İnternet-TV-lərin lisenziyalaşmasından danışır (ölkəmizdəki məsələlərdən agah olan təxmini anlayar ki, sonda bu söhbətlər hara aparır), bu biri tərəfdən də İslandiyadakı tələffüzü belə mürəkkəbdən mürəkkəb Eyjafjallajökull vulkanı.

Bu vulkanın püskürməsindən yaranan nəhəng kül dumanı bütün Avropa nəqliyyatının mükəmməl infrastrukturunu iflic vəziyyətinə saldı: təyyarə uçuşlarının dayandırılması minlərlə adamı çıxılmaz vəziyyətə gətirdi, bildiyiniz kimi hətta bir çox dövlət başçıları bu səbəbdən mərhum Polşa prezidenti Lech Kaczynskinin dəfn mərasiminə belə qoşula bilmədilər. Kaczynskinin torpağa tapşırılması belə fatal səbəblər ucbatından tamamilə başqa ssenaridə keçirildi.

Televiziyada dəfn mərasimini seyr etdikcə xatirimə uzaqlarda qalmış 2001-ci ilin yayı gəlir. Krakov şəhərindki müasir musiqi festivalı zamanı yerli radio-müxbir İzabella ilə fürsət tapıb şəhərin yuxarı hissəsində yerləşən və uzun illər Polşa krallarının taclanma mərasimi keçirilən Vavel qəsrinə qalxırıq. İzabella buralarda dolaşan qədim əfsanəni nəql edir: “Çox qədim zamanlarda burda bir kişinin üç oğlu varmış: Lex, Çex və Rus. Bunlar böyüyür, Çex qərbə yollanır, Rus şərqə gedir, Lex isə heç yerə getmir, burda, ata yurdunda qalır.” Doğrudan da hər bir xalq, hər zaman dünyanın mərkəzində qalmaq istəyir, bunun üçün öz əfsanələrini yaradır və yaşadır…

Ruslar üçün Kreml nədirsə, bu qəsrin də polyaklar üçün bir o qədər əhəmiyyəti varmış. Olduqca gözəl şəhər, Polşanın kültür paytaxtı olan Krakovun müstəsna əhəmiyyəti Vavelin burada yerləşməsidir. Burada Polşa tarixinin ən vacib şəxsləri dəfn edilmişdir: Polşa krallarından başqa şair Adam Mickiewicz (polyakların Puşkini), 1795-ci ildən sonra bolünmüş Polşa dövlətinin (o zaman ağ Polşa qartalını üç qara – Rusiya, Prussiya və Avstriya-Macarıstan qartalları udmuşdu) 1918-də bərpasında müstəsna xidmətləri olmuş marşal Jozef Piłsudski və bir çoxları. İndi də Lech Kaczynski burada dəfn edilməli idi.    

Əslində Polşa prezidentinin işləri təyyarə qəzasından əvvəl də heç yaxşı getmirdi. Bir neçə ay sonra baş verəcək prezident seçkilərində onun şansları opponenti, Vətəbdaş Platforması (Platforma Obywatelska) partiyasının lideri, baş nazir Donald Tuskun yanında olduqca sönük görünürdü. Üstəlik müasir Polşa üçün ən vacib məsələlərdən olan, mübahisəsi 70 ildən bəri səngiməyən, Kaczynski üçün xüsusilə vacib olan Katın məsələsində də prezident baş nazirə tamamilə uduzmuşdu. 70 il dirəniş göstərib bu məsələni tanımayan, əvvəl bu qətliamı almanların üstünə atan (maraqlıdır ki, Nürnberq prosesində də beləcə yazılmışdı – Katın SS və Himmlerin işidir), sonra Qorbaçovun dövründə bir qədər güzəştə gedərək burada sovetlərin əli olduğunu deyən, lakin sonradan, 2000-ci illərdən bunu da danmaq istəyən Rusiya 2010-un baharında birdən-birə mövqeyini 180 dərəcə dəyişir. Aprelin əvvəllərində rus televiziyası görkəmli polyak rejissoru Andrzej Wajdanın əvvəl Rusiyada ümumiyyətlə qadağan olunmuş “Katın” filmini nümayiş etdirir. Süjet xətti 1939 ilin sentyabrından (Polşanın işğalından) başlayaraq 1945-ci ilin sonunda bitən filmdə Katın faciəsinin Polşa cəmiyyətindəki problemi olduqca kəskinliklə qoyulmuşdur. Bu filmin Rusiyadakı nümayişi effekti bomba partlaşına ekvivalent ola bilərdi. Amma ruslar bununla da kifayətlənmədi, faciənin 70-ci ildönümünə 3 gün qalmış, aprelin 7-də baş nazir Putin Donald Tuskun iştirakı ilə Katına gedərək, orda qurbanların xatirəsi önündə diz çökdü. Bu hərəkət 1970-ci ildə Varşava gettosu önündə diz çökmüş alman kansleri, sosialist Willy Brandtın analogiyası idi.

Bütün bunlar Lech Kaczynskinin siyasi ölümü idi desək, yanılmarıq. “Solidarnost” hərəkatından başlayaraq, demək olar ki, bütün həyatını bu prolematikaya həsr etmiş qatı millətçi Kaczynski, siyasi fəaliyyətinin bütün dövrlərində Rusiyaya qarşı çox kəskin, demək olar ki, barışmaz mövqedə dururdu. 2008-ci ildəki “5 günlük müharibə” zamanı Kaczynski Gürcüstanı dəstəklədiyini çox prinsipial şəkildə ortaya goymuş və dörd başqa prezidentlə bərabər Tiflisə yollanmışdı. Orada prezidentin Rusiya haqda “işğalçı”, “imperialist” və s. kəskin tonlu açıqlamalrı Kremlə münasibətdə daha mötədil mövqenin tərəfdarı olan baş nazir Donald Tusku narazı salmışdı. Bu hadısələrdən sonra tamamilə təbii olaraq Rusiya-Polşa münasibətlərinin pisləşməsi, baş nazirlə prezidentin qarşıdurmasının olduqca kəskinləşməsinə səbəb olmuşdu. 

Aprelin 7-dəki mərasimə məhz baş nazirin dəvət eidlməsi, və hər iki ali şəxsin Katında kameralar önündə diz çökməsi Moskva tərəfindən siyasi cəhətdən dəqiq hesablanmış hədəf idi. Formal olaraq doğrudan da Rusiya prezidentinin yox, baş nazirinin iştirak edildiyi tədbirdə Polşadan adekvat məmur gəlməli idi – bununla da Katın faciəsinin Moskva tərəfindən tanınmasının leqallaşması və iki ölkənin münasibətlərinin normallaşması tamamilə Tuskun hesabına yazıldı. Bütün bunlar isə Kaczynski siyasətinin faktiki sonu, onun həyatı boyu çalışdığı bu işin süqutu idi.

Bundan sonra onun haqqında siyasi xadim kimi ciddi düşünmək olmazdı. Qardaşı ilə bərabər hakimiyyəti dövründə fəaliyyəti nəinki Polşa, Rusiya, eləcə də Avropa, və xüsusilə qonşu Almaniyada ciddi narazılıqlara səbəb olan prezidentin təfəkkürü keçən əsrin 80-ci illərində, “Solidarnost”un idealistik zamanında ilişib qalmışdı. Onun aprelin 10-da böyük nümayəndə heyəti ilə Katına tələsik gəlişi artıq çətin ki, siyasi mənada hansısa nəticə verəydi. Oyun uduzulmuşdu. Tarix və siyasət bildiyimiz kimi, heç də mərhəmətli olmur…

Lakin Kaczynski üçün tamam başqa tale yazılıbmış. Nə qədər faciəli olsa da bu təyyarə qəzası siyasi xadim kimi onun fəaliyyətinin məntiqi zirvəsi oldu. Faktiki şəhid olmuş prezident, bütün şüurlu həyatını Katın qətliamının qurbanlarına, bu faciənin Rusiya tərəfindən tanınmasına həsr etmiş siyasi xadim, elə Katın göylərində əbədiyyətə qovuşdu. Bu hadisənin metafizik, rəmzi, tarixi-siyasi və bir çox qatlarına varmayaraq sadəcə demək olar ki, Katın  faciəsindən 70 il sonra göylərdə təkrarı onun tanınmasına verilmiş abidə oldu.

Advertisements
şərhlər
  1. Qan Turalı dedi ki:

    Çox gözəl və maraqlı yazıdır..
    Xeyli şey öyrəndim..
    Təşəkkürlər, bəy…

  2. ulvism dedi ki:

    Elmir, chox gozel yazidir. Teshekkurler! Yalniz birce onu deye bilerem ki, Donlad Tusk uchun de bu chox boyuk felaket oldu. Shexsiden daha chox siyasi. Canli Kachinski uzerinde qelebe daha mohteshem olacaqdi. Tale buna imkan vermedi… Indi Donald Tusk omru boyu, en azi siyasi karyerasi zamani Kachinskinin kolgesi altinda yashamali ve ishlemeli olacaq. Xalq yene de Kachinski deyecek. Gurculer kimi diger mutereqqi cemiyyetler de. Kachinski qehreman kimi getdi. Boyuk bir Xarizma.

    • Elmir Mirzoev dedi ki:

      Ülvi bəy təşəkkür edirəm, əlbəttə, elə burada da söhbət tamamilə dalana dirənmiş bir oyundan, məntiqi cəhətdən uduzmuş siyasi karyeranın paradoksal tərzdə 180 dərəcə dəyişməsindən gedir.
      Kaczynskinin faciəli ölümü və Vaveldə dəfni həyatın heç cür hesablaya bilməyəcəyimiz metafizik və fatal bir gedişi idi.

  3. Parvana Persiani dedi ki:

    Chox maragli yaziya gore sagh olun.

  4. vugar dedi ki:

    Chox gozel yazidi. Teshekkru edirem..

  5. Nijat dedi ki:

    Gozel yazidir, benzer bir yazini da Valeriya Novodrovskayadan oxumushdum, isterdim paylashim, bu gadinin da hadise ile bagli analizi maraglidir http://www.grani.ru/Events/Disaster/m.176940.html

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma