Zamanın keçidlərində ilişib qalanlar

Dərc edildi: Aprel 30, 2010 / Aktual

Bazar günü mərhum dostumuz İbrahim Bayandurlunun 40 mərasimi oldu. Onun vəfatından bir göz qırpımında keçmiş bu 40 gün bizi bir araya yğımaqla yanaşı, zamanın nə qədər illuzor bir kateqoriya olduğunun daha bir sübütu idi.

Yas məclisində aramızda kifayət qədər müzakirə edilsə də, cəmiyyətdə aktuallığını saxlamış bir məsələdən söhbət düşdü: təfəkkür anlamında bəzi insanlarımız 1989-da, bir başqaları isə 1993-də, lap sonuncuları isə 2005-də ilişib qalıblar. Tutalım, təxmini öz zamanında çox vacib, lakin indi üçün kifayət qədər geriləmiş bilgisayar proqramlarının, tutalım Windows 95 yaxu 98 versiyası kimi. Bundan başqa, bir qrup adam zamandan kənar olaraq ilişib qalıb 91 rəqəmində, bu il deyil, saydır. Onları isə bilgisayarın tamam başqa operativ sistemlərinə, məsələn macintosha bənzətmək olardı.

1989-cu ilin payızı xatirimdə çox parlaq qalıb, minitqlərin apogeyi zamani idi. O dövrü kütləvi təfəkkürümüzdə çevriliş zamanı adlandırsaq yanılmarıq: xalqın, böyük kütlələrin fikrində SSRİ anlayışının tamamilə etibardan salınmasına gətirən hadisələr biri-birini əvəzlədikcə, hər bir kəs bu dalandan çıxışı “milli təfəkkürdə”, “özümüzə qayıdışda”, “milli dirçəlişimizdə” görürdü. Ola bilsin ki, indi hakimiyyət yetkililərinin, rüşvətxor məmurların, pop kahinlərinin, AzTV-nin, “ziya(n)lılarımızın” tutuquşu kimi saxtakarcasına təkrar etdiyi və bununla da (əslində haqlı olaraq) gözdən saldığı bu terminlər kimlərəsə qeyri-səmimi, mənasız və ya hətta gülməli gəlsin, amma o zaman bütün bunlar bizim üçün dərin və sakral məna kəsb edirdi.

Gənc insan kimi mənim üçün o zaman yeni axtarışlar və görünməmiş ruh yüksəlişi dövrü idi. A. Soljenitsının “Новое Время” jurnalında yenicə dərc edilmiş “Архипелаг ГУЛАГ” sənədli romanı nəinki SSRİ-yə, onun simvolikasına, onun varlığına, ümumiyyətlə hər hansı sol ideyalara qarşı qəti nifrət oyatmışdı. (Yeri gəlmişkən, bu əsər təəssüf ki, indiyədək dilimizə çevrilməyib). Düşünürdüm ki, “biz” əsla belə olmayacağıq. Bizim axı milli ideyamız, ideallarımız vardı. Bizim hətta milli burjuaziyamız olacaqdı. Türkçülüyün tam bərqərarı üçün qədim türk allahlarının bərpasınin gərəkliyini, millətçiliyin hansısa çərçivələr yox, məhz ümumtürk – Turan səviyyəsində olacağını, “qan yaddaşımızın tezliklə oyanacağını” (bunun nasional-sosializmin “Blut und Boden” nəzəriyyəsinin təkrarı olduğunu sonralar biləcəkdim) və nəhayətdə “qurtuluşumuzu” gözləyirdim.

Şairlər Az.TV-də ağlayır, insanlar mitinqlərdə bağırır, çayxana mütəfəkkirləri “türk irqinin oyanışı Avropanı çox qorxuda bilər” kimi proqnozlar verirdi. Bir başqaları əcaib bir geosiyasi (o zaman bu termin hələ yox idi) birlikdən – türk, alman və yapon üçbucağından danışırdılar. Dünyadakı bütün dillərin türk dilindən yaranması versiyaları beyinlərdə dolaşırdı, kolbasanın “qol basa”, Kamçatkanın “gəmi çatdı” olması tam ciddi müzakirə olunur, hətta bir “əski türkçü” xocamız coşub da: “alman ki, warum (niyə? – alm.) dedi, bizim varam ilə aynıdır efendim!” demişdi. (doğrusu bunun nə demək olduğunu indi də bilmirəm – müəllif). Qısası ümummilli eyforiya vardı.

Bu dövrün başlıca devizlərini (təbii ki, aktuallığını indiyədək saxlamış “Azadlıq” süarı ilə birgə) təxmini olaraq: “Turanın paytaxtı hara olmalıdır?”, “Alp Ər Tunqa gələcək”, “erməni kimdir, bizim Çində işimiz olacaq” və s. kimi xarakterizə etmək olar. Azərbaycan müstəqil olarsa yalnız təbii sərvətləri hesabına ərazisinin üstünün 5 mm. qızılla örtüləcəyi vəhyinin üstündən burada yan keçirik.

Bu dövrdə ilişib qalanları idealistlər kimi xarakterizə etmək olar, onlar türkçülükdən, türk birliyindən, ən azından millətçilikdən dəm vurur, qurtuluşun “özünə qayıdışdan” keçdiyini vurğulayırlar.

93-də qurtulduq. Bu artıq başqa dövr idi – “milli ideallar”ın onurğa sütünu qırılan vaxt gəlmişdi. İndiki zaman yüksəkliyindən hamının detallarınıdək çox gözəl bildiyi hərbi çevriliş nəticəsində durum köklü surətdə dəyişdi. İdealizmə əsla meyli olmayan, kürsü səcdəgahlı keçmiş partnomenklaturanın kiflənmiş simalarının siyasi xotlaması ilə nəticələnən bu dövrdə mifologizmlər zamanını bitirdi, artıq başqa şüarlar meydana gəldi: “torpaqlarımızı qaytaracağıq”, “demokratiya uzun bir yoldur”, “mən həmişə fəxr edirdim, indi də fəxr edirəm ki, azərbaycanlıyam”, “prezidentin ətrafında birləşək”, “lazım gələrsə” və s.

Əgər bundan əvvəlki dövrün şüarları sadəlöhvlükdən, idealizmdən irali gəlirdisə, bu zamanın şüarları başdan-ayağa süni və saxta idi. İndi hər şey yeni ideoloji qəliblərə uyğun gəlməli olduğundan hətta məşhur müğənni xanım Xanlarova “Yaşa mənim xalqım!” adlı mahnısında “türk” sözünü “Azərbaycan” sözü ilə əvəz etdi – bu eyforik mofologiyanın süqutunun bariz timsalı idi. Tərəzi olan xalqın gözündə Elçibəy və Rafiq Turabxanoğlunun zamanı keçmişdi.  

Bu dövrdə TV-lərdən şair kükrəmələri yığışdırıldı, bunları başlıca görüntü kimi ölkə başçısının müdrik moizələri, məmurların prezident tərəfindən kütləvi ekzekutsiyası və təlxəkliyini sona yetirə bilməyən KVN əvəz etdi. Yaltaqlığın çiçək açmasını bu dövrə aid etmək olar: şairlərdən, “ictimai xadimlərdən” və “sadə xalq”dan başqa, aşıqların və muğamçının prezidentin adını oxuduğu zaman çəkməsinin 96-da ilk dəfə şahidi oldum. İdeoloji təbliğat tədriclə hərəkətə gəlirdi: arsenalda Rostropoviç və Xanış kişi kimi personajlar peyda olur. 98-də “Yaşa, prezident yaşa!” mahnısı meydana çıxdı.

Əgər əvvəlki dövrdə ilişib qalanları əsasən idealistlər kimi xarakterizə etmək olardısa, bu dövrdə ilişib qalanlara ambisiyaları boğulmuş vəzifə hərisləri, oyundan kənarlaşdırılmış 91-lər (bunların ayrıca kateqoriya olduğunu yuxarıda qeyd etmişdik), bir çox əski YAP qurucuları və s. aid oluna bilər.

Beləliklə 89-cu ildə qalmışlardan ən tanınmışı idealist və səmimi Xaliq Bahadır ola bilərsə, 93-də qalanlardan misal kimi, indi də gündəmə qayıtmaq həvəsi sərgiləyən Sirus Təbrizli və ya Alqış Həsənoğlu ola bilər. Əvvəlkilərdən fərqli olaraq heç vaxt heç bir kürsüyə nail olmamış, buna görə də 91 rəqəmində ilişib qalanlara isə məsələn, Ariz Abduləliyevi şamil etmək olar. 

2005-də ictimai şüurda yeni – kütləvi pessimizm dövrünü qeyd etmək olar. Ölkə ziyalılarında, gənclikdə hər hansı, kiçicik bir islahata belə ümidin qalmadığı, bütün uzunillik çabaların faktiki yenilməsi, Elmar Hüseynov kimi müstəsna bir şəxsiyyətin qətli və s. hadisələr cəmiyyətin böyük qisminə pessimizm, hətta nihilizm ovqatı aşıladı. Rəsmi təbliğatın qol-qanad açdığı bu dövrün əsas cümlələri kimi “regionun lider dövləti”, “analoqu olmayan”, “çoxvektorlu siyasət”, “görünməmiş iqtisadi inkişaf” və s. ilə yanaşı alternativ fikirdə “mən əclafam”, “bura bAzarbaycandır”, “bu xalqın qanını şprisə yığıb kanalizasiyaya axıtmaq lazımdır”, “Kül bizim başımıza” və s. kimi deyimlər oldu.

TV-lərdə pop kahinlərinin yüksəliş zamanı bu dövrə aid edilməli, muğam və meyxananın da faktiki olaraq hakimiyyətin ibtidailiyi kultivasiya edən ideoloji silahına çevrilməsinin məhz bu dövrdə baş verdiyini qeyd etmək vacibdir.

2005-ci il dövrü ictimai təfəkkürümüz üçün hökmən lazım olan, lakin keçilməli bir mərhələ idi. Faktiki olaraq kültür anlamında ictimai reviziya sayıla biləcək bu mərhələni daxilən keçə bilən insanlar cəmiyyətdəki prosesləri ayıq başla qiymətləndirməyi bacarır, belə təfəkkür artıq mifologema və ya ucuz təbliğat ilə dumanlandırıla bilməz.

Ən yeni mərhələni isə 2009-un yayından sonrakı zamana aid etmək olar: biabırçı eşşək əhvalatından sonra Adnan və Eminin, iki tamamilə günahsız gəncin hakimiyyət tərəfindən heç bir ictimai fikrə-falana məhəl qoyulmadan həyasızcasına məhbəsə atılmasından sonra başlayır. Zahid Oruc kimi hakimiyyət “ideoloq”larının elə bizim öz fikirlərimizdən istifadə edərək “Azərbaycanda insan problemi var”, “bu xalq hələ demokratiyaya hazır deyil”, “bizim öz yolumuz var” kimi ibarələrindən sonra əvvəlki nihilizmə, əvvəlki fikir və hətta söz birləşmələrinə belə daxili senzura yarandı. Daha mətbuatda, virtual məkanda 2005-də ilişib qalmış bəzi gənclər istisna olmaqla (məsələn, doktor Ravik adlanan gənc blogger və ya şair Aqşin) xalq, onun səviyyəsi haqda yazıya, deyilmiş fikrə rast gəlməzsiniz. Faktiki olaraq bütün məsələlərin sorumlusu uzun illər hakimiyyəti zəbt etmiş iqtidar olması hamıya gün kimi aydındır.

Hal-hazırda isə tədriclə gözümüz önündə səviyyəli, ayıq başlı, müasir və passionar yeni bir gənclik yaranmaqdadır. Gündəmdəki əsas məsələ isə bu yeni mərhələyə bütün cəmiyyətin adlaya bilməsidir.

Zaman çox mürəkkəb və amansız bir kateqoriyadır, müvafiq dövrə mümkün qədər adekvat olmaq daxili inkişaf, baxışlarda müəyyən islahat tələb etsə də, bu əsla əqidəni dəyişmək anlamı vermir. Əksinə, zamana mümkün qədər adekvat olmaq, istənilən əqidəni daşıyan insanın aktuallığını, onun bilavasitə funksionallığını saxlayır.  

P.S. Doğrudur, əslində saydığımız bu mərhələlər arasında 1988-ci il kimi çox qısa bir zaman sürən “otur-dur” erası da vardı (süarları “Topxana” və s.), lakin onu hansısa dərin təhlilə məruz qoymadan keçsək yaxşıdır, çünki zənnimcə bu zaman kəsiyində yalnız bir nəfər ilişib qalıb.

Advertisements
şərhlər
  1. Əli Əkbər dedi ki:

    Qəşəng!!!

  2. Rezo dedi ki:

    Dolğun yazıdır. Elə mən də gəncliyi 1989-1993-cü illərdə puç olanlardanam Elmir bəy. Ümid edək ki, yaranan yeni gənclik keçmişdən nəticə çıaxararaq daha ağıllı hərəkət edəcəklər.

  3. sevda dedi ki:

    Elmir bax sen øzynde jazibsan 40 merasiminden…Axi dynjanin en jeke hissesi ølyny bir gyn jani 1 saat icinde jola salir , oradanda smoleta masinlara minib øz is jerinde biznasini davam etdirir…Ølyje bele bøjuk hørmet ancag men bilen bizlerde vardir…Bax byna gørede men bizim xalga hen hørmetim var, hem de sejflerini gøryrem. Byrada dirilere daha cox imkanlar var…diriler øz imkanlarindan makcimal derecede istifade edib ølyrler, nisbi baxanda. Byrada da insanlar lap kompjutere dønyrler, vaxt joxdyr. Sen her seji “sisteme” tapsiribsan. Sistem seni tam menada bir masina cevirib ele ølyn de dirinde. Azerbaicanda helede mygama gylag acan insanlar var, ahi dejib aglajanlar, nagillara inananlar var…Men bynyny ucun darixiram….bilmirem orada dejisib byra kimi olanda: “Vaj cekib ølyny aglajan esidmesen, sen nece jasajacagca…”

  4. Ilham dedi ki:

    Cox ciddi ve maraqli yazidir. Xususile indiki gencliyin xeyli neticeler elde ede bileceyi bir yazidir. Teshekkurler olsun muellife.

  5. ruslan xelil dedi ki:

    Geride qoydugumuz bu yaxin tarixi bundan daha konkret ve aydin izahi ola bilmez!

  6. Nurlana Cəlil dedi ki:

    İllərdir belə səviyyəli tənqidə rast gəlməmişdim və buna həsrət idim. Əsl kimliyin idrakını, onun qəbulunu və hazırkı durumun xalqın siravi fərdlərinin qüsurlu təfəkküründən yarandığını yox, məhz bir qrup mövcud qüvvənin bu xalqı və ona aid olanları öz qəlibində istədiyi biçimə salmaqda yanlış etdiklərini birbaşa və dolayısı ilə sezdirilməsi mənim tərəfimdən təqdirəlayiqdir.

  7. Rezo dedi ki:

    Ölülərə hörmət…maraqlı etirafdır…Bu hörmət əgər azərbaycansayağı edləcəksə bunu etməmək daha ağlabatn olardı.
    Uşaqlıqda qonşuluqda baş verən dəfn mərasimlərini xatırladıqca tüklərim biz-biz olur. Biy tərəflərdə (yəni Gürcüstanda) ölünü 3 gün saxlayırlar, hamı ağlayıb qurtarandan sonra dəfn edirlər. Dəfn mərasimində icra olunan hoqqaları xatırlarkən mənu indi də qorxu basır.

    Hər şeyin primitiv olduğu kimi, dəfn mərasimləri də primitivdir. Bu yaxınlarda Bakıdan gələn bir qonaq qadın necə toya getmələrindən (özü ilə hələ 1 CD-də gətirmişdir), yasa getmələrindən danışırdı…Elə bil sosial həyat elə bu iki zibildən ibarətdir…

  8. Səda dedi ki:

    Ela Elmir bey! hedsiz beyendim bu yazinizi

  9. ulvi dann dedi ki:

    ideal baxişlar…

  10. mrd dedi ki:

    Təbrik və təşəkkür edirəm bu yazınızdan dolayı. Bir ricam da olacaq. Gənclərə ümidsizlik aşılayan cındır nihilistlərlə mübarizə aparın. “Bu millət düzələn deyil” deyib əslində qorxaqlığını, tənbəlliyini ört bas etməyə çalışanların ağzına *** yerindəcə doldurulmalıdır.

    Vəssalam. ***ÜN ÇATIRSA HAKİMİYYƏTİ SÖY, çatmırsa yum idbar ağzını !!

  11. Ali Mammadov dedi ki:

    Soh merhele haqqinda (2009) qismen razi deyilem.
    Anlayiram,bu sizin ureyinizi chox achir,sevindirir… bu chox gozeldir/

    Но это немного преувеличено. Этот круг ничтожно мал и на нем огромнный прессинг(культурный,общественный,финансовый и политический).

    Inanin meseleler hechde gorunduyu kimi deyil.

    Hormetle.:)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma