Berlin savaşı – tarixin təkərləri mövcuddurmu?

Dərc edildi: May 7, 2010 / Aktual

Bu günlərdə II Cahan Savaşının Böyük Vətən Müharibəsi adlanan hissəsinin 65-ci ili tamam olur. 

Müttəfiqlərin qələbəsinin apofeozu şübhəsiz ki, aprelin 20-dən mayın 2-dək davam edən Berlin savaşı idi. Əslində bu döyüş olmaya da bilərdi, almanların vəziyyəti Adolf Hitlerin 56-cı ildönümündə, yəni 1945-in 20 aprelində artıq tamamilə ümidsiz idi. Üzük qaşı kimi mühasirəyə alınmış şəhəri cənubdan Konevin tankları, şimal-şərqdən isə onu hər vəhclə qabqalamaq istəyən marşal Jukovun orduları bombardıman edərək tüm dünyadan təcrid etmişdi. İngilis və amerikalılar da şəhəri havadan aramsız bomba yağışına tutmuşdu. Onu bir müddət bu mühasirədə saxlamaq şəhərin süqutu üçün kifayətdi, lakin Stalin kimi müstəbidə mütləq Berlinin alınması, onu tarixdə sərkərdə kimi əbədiləşdirəcək bir əməliyyat lazım idi. Bu zaman bütün küçə döyüşləri lentə alınacaqdı, SSRİ-nin qeyri-rəsmi baş bəstəkarı Şostakoviçə də bu qələbəni vəsf edəcək 9 saylı simfoniya sifariş edilmişdi (bunun tarixi analogiyası Beethoven’in yaradıcılığının zirvəsi olar 9-cu simfoniyası idi, Stalin də xorun iştirakı ilə monumental bir əsərin yaradılmasını istəyirdi). 

III Reich süquta məhkum edilmişdi, amma şəhərdə mülki əhalidən başqa bunu sonadək anlayan və qəbul edən yox idi, çoxları taleyin hansısa əcaib dönüşünə, fürerin ad günündə “Wunderwaffe”nin (sehirli silah) işə salınacağına ümid edirdi; şəhərin davalarına “Wir kapitulieren nie!” (“Heç zaman təslim olmarıq”) kimi losunqlar yazılmışdı. Berlinin müdafiəsi zamanına Wehrmacht (alman ordusu) demək olar ki, tamamilə məhv edildiyindən, şəhəri “faşist internasionalı” müdafiə edirdi: sonuncu 3 SS diviziyası – Waffen-SS “Norland” (skandinaviya, baltikyanı, fin və ingilis (!) könüllülərindən ibarət), SS “Charlemagne” (fransızlardan (!) ibarət), SS-in latış batalyonu, uşaq və gənclərdən ibarət “Hitlerjugend”, yaşlılar və xanımlardan ibarət “Volkssturm”. 

Şəhərin bütün kvartallarında fanatiklər tərəfindən təslimçilikdə günahladırılan mülkilərin asılmış meyitləri yellənir, cəhənnəmi xatırladan küçələrində isə partlayışdan tikə-tikə olmuş insan fraqmenləri ev heyvanları üçün yemə çevrilmişdi. Tüstünün insanı kor etdiyi şəraitdə darmadağın edilmiş səhərin xarabalıqlarında barrikada quran qoca və uşaqların ruh yüksəkliyi üçün Hans Fritzsche (almanların “Levitanı”) radioda dayanmadan təbliğat aparır, Wagner’in musiqi səsləndirilirdi. Elə Wagner’in operalarını xatırladan bu tutqun atmosferdə nasional-sosializmin bütü, ölkəsi və xalqını qurbanları bütün kontinentlərdə milyonlarla sayılan, tarixdə indiyədək görünməmiş bir müharibəyə cəlb etmiş Adolf Hitler Berlindəki bunkerdə xanımı Eva Braun ilə bərabər intihar etdi. (Bu hadisəni ondan bir gün sonra bütün ailəsi ilə bərabər intihar edən doktor Goebbels Wagner’in tetralogiyasının son operası olan “Tanrıların Qürubu”nun ismi ilə adladırmışdı). Hitlerin ölümü münasibəti ilə Berlin radiosu Anton Bruknerin 7-ci simfoniyasının 2-ci hissəsini (“Matəm marşını”) durmadan təkrar edirdi.   

Lakin Hitler və nasional sosilizm, onun rəmzləri unudulmayıb. Cəmi 12 il ərzində (1933-45) Almaniya və sonra Avropada hakim olmuş bu diktator və cinayətkar ideologiya dünya tarixi, elmi və incəsənətində müstəsna bir iz buraxdı. Maraqlıdır ki, bütün XX əsr boyu bu maraqlı tarixi fenomen incəsənətdə, və xüsusilə kinematoqrafda öz obyektiv yerini ala bilməyib. İstər sovet, istərsə Avropa, və ya ABŞ kinematoqrafında yaradılmış II Dünya Müharibəsi mövzulu filmlərində Hitler və almanların obrazları komik, sarsaq, isteirk, qeyri-adekvat, ən azından sadəcə fanatik idi. Bir zamanlar milyonluq kütlənin diktatorun önündə var gücü ilə “Heil Hitler, Sieg Heil” qışqırdığı, minlərlə qadının isterik haıda “Fürerim, mən Sizdən uşaq istərdim” tipli məktub yazdığı Almaniyada isə bu mövzu demək olar ki, axır zamanlaradək tabu idi. 

Son illər bu mövzuda alman kinematoqrafında yaradılmış iki ciddi filmə diqqət yetirməyə dəyər, bunlardan biri rejissor Oliver Hirschbiegel’in diktatorun son günlərini əks etdirən “Der Untergang” (“Qürub”, 2004), o biri isə Max Färberböck tərəfindən lentə alınmış və 1945-in aprel-mayında Berlində sovet əsgərləri tərəfindən törədilmiş kütləvi zorlanma zamanı alman xanımlarının acı taleyindən bəhs edən “Anonyma – Eine Frau in Berlin” (“Anonim – Berlində qadın”, 2008) filmidir. Bu filmlərdə hər iki rejissor subyektivlikdən yan keçməyə çalışaraq mümkün olan bütün vasitələrlə bu məşum tarixi həqiqətə uyğun canlandırmağa çalışmışdılar. Belə əsərlərin alman cəmiyyətində yaranması, bu xalqın və ölkənin belə bir ağrılı tarixi mərhələni həqiqətən geridə qoyduğunun, nəhayət ki, uğurla keçdiyinin bariz sübutudur.  

Mövzunu çox dərindən mənimsəmiş və bu hadisələrin daxili ontologiyasını açmağa nail olmuş belə müəlliflərin filmlərini izlədikdən sonra tarixin təkərlərinin bir daha geriyə dönməyəcəyinə yenidən əmin olursan.

Advertisements
şərhlər
  1. Durna Safarova dedi ki:

    Təşəkkürlər, Elmir müəllim.

    Bəs bu filmləri hardan əldə etmək mümkündür?

  2. Elmir Mirzoev dedi ki:

    “Der Unrtergang” (rusca “Бункер” nədənsə, əslində “Закат” olmalı idi) açıq satışda var, almaq olar. (məndə var idi, doğrusu heç bilmirəm kimə vermişəm).

    2-ci filmə isə Rusiyada demək olar ki, qadağa qoyulub, o üzdən satılmır, amma ona da problem yoxdu, “təşkil” edərik 🙂

  3. hikmet_ac dedi ki:

    Bunker bizim TV kanallarda da gosterilib. Baxmisham, yaxshi filmdi. Xususen her sheyin umidsiz oldugu anlarda bele almanlarin bir birine sadiqliyi, intizami, metinliyi ve kapitulyasiyadan sonraki intiharlar onlara hormet hissi yaradir

  4. Emil dedi ki:

    Çox maraqlı mövzudur, ilk növbədə filmələrin adları üçün təşəkkür,

    Artıq onları endirirəm, bunu demonoid.com yaxud, rutracker.ru-dan etmək olar, əlbəttə əgər ora qeydiyyatınız varsa,

    İkinci filmi tapmaq mənə birincidən asan oldu, mütləq baxacam!

    Bir daha təşəkkürlər!

  5. […] “Onlara doğrudan silah göndermedik ama onlar bizim müttefikimizö diyerek gerekirse doğrudan silah […]

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma