“Rüşvəti necə verməli”

Dərc edildi: May 14, 2010 / Aktual

Azərbaycanda incəsənət mövzuları havada dolaşmaqdadır. Ölkəmiz təzadlar və absurdlar vətəni olduğundan sanki möcüzəli bir sürrealist dünyasına düşmüşük. Ətrafımızda baş verən rəmzi hadisələr, bir-birini ildırım sürətilə əvəzləyən müdhiş səhnələr, təsviri üçün bədiyyatın qüdrəti çox zəif olan biri-birindən ilginc qəhrəmanlar, şübhəsiz ki, metafizik xarakter almış çoxşaxəli global performans heç bir rasional məntiqə sığışacaq deyil. 

Bu yaxınlarda dostlar Əli Əkbər və Natiq Güləhmədoğlu ilə səfərə yollanmışdıq. Yol boyu ordan-burdan – ölkəmizin modernləşmə xətti götürmüş inkişaf strategiyasından, mütərəqqi tarixi ənənə əsasında yaradılmış yeni dövlətçilik konsepsiyasından, görünməmiş və analoqsuz iqtisadi yüksəlişdən, XX əsrin ictimai-siyasi fenomenindən, nadir tarixi simalardan danışırdıq.

Natiqin dərdi açıldı, nə açıldı. 6 yaşlı qızı üçün məktəbə gedəcəyi səbəbdən JEK-dən yaşayış haqda arayışı heç cür ala bilməyən jurnalist dostumuz əsəbi idi. Bunun niyə verilmədiyi səbəblərini və alınması yollarını bir qədər arayandan sonra ənənəvi “bəlkə rüşvət istəyirlər?” sualına gəlib çıxası olduq. Tamamilə aydındır ki, ölkəmizin taleyüklü məsələlərində rüşvət əsla funksional deyil (məsələn, hekayəti bizdən uzaq – zırpı biznes, ciddi məmur təyinatları və s., burada əlahəzrət traybokrat olmaq gəərkdir, yoxsa elə bilirsiniz ki, hər şey pula satılır?), amma bir qızcığazın məktəbə getməsi qarşısındakı baryeri götürməyə bəlkə bu da kifayət edərdi? Natıqin cavabından belə alındı ki, heç bu da əsla mümkün deyil. Ya verə bilmir, ya da ondan almırlar. Qısası bu prosesin necə edildiyini dəqiq anlamır, necə danışmaq lazım gəldiyini bilmir, bu işdə ciddi və kədərli deyil, hər şeyi çox ilhamsız və mexanistik edir, nəticə də ki, məlum. 

Nəsə, müzakirəsi uzun sürən bu taleyüklü məsələnin analoqsuz nəticəsi kimi, rüşvətin ictimai-siyasi fenomen kimi azərbaycanlılar üçün müstəsna, az qala cinsi əlaqə qədər intim bir proses olduğu qənaətinə gəldik. Bu proses zamanı bütün ayın dəqiq icra olunmalıdır – sifətlər xüsusi ifadə almalı, nitq pıçıltıya çevrilməli, gözlər parıldamalı, dodaqlar büzülməli, ürəklər birgə vurmalıdır. Amma aydındır ki, nə qədər çalışsaq da, bunun həqiqi təsvirini yaınız istedadlı yazıçı qələmi, ya da böyük rejissor verə bilər. Kinonun bizdə nə qədər qalmaqallı sahə olduğunu nəzərə alaraq ölkəmizin ictimai inkişaf prosesinə istiqamət verən bu fenomenin incəsənətdə əksi məsələsini yazıçı dostumuz Əli Əkbərə tapşırdıq. “Rüşvəti necə verməli” adlanacaq bu əsər tarixi analoq kimi tarixçi-medievist, yazıçı-filosof Umberto Eco’nun “Diplom işini necə yazmalı” adlı elmi-publisistik araşdırmasına söykənməli idi.

Dostumuzu ilhamlandırmaq məqsədi ilə elə oradaca hələ yaranmamış bu əsərə ön söz yazacağımı söz verdim. İndi də məsələni uzatmadan hörmətli oxuculara bu nümuməni təqdim edirəm, qaldı Əli Əkbərin möhtəşəm əsəri. Yeri gəlmişkən hakimiyyət ideoloqları isə son zamanlar rüşvətin milli mentalitetimizdə kökləri olduğunu söyləyirlər. Yəni ki, biz rüşvət alırıq, təqsir isə xalqdadır. Bizlik bir iş yoxdu, metalitetimiz bunu tələb edir, o üzdən alırıq. Vəssalam, bu qədər.

*** 

Rüşvəti alanda rüşvət də ver ki, rüşvətsiz qalan olmasın. Rüşvəti verməyə çalış, alan tapılar. Bir rüşvəti verməmiş, o biri rüşvəti verməyə çalışma. Bu günün rüşvətini sabaha qoymazlar. Rüşvət verən sifətə baxmaz. Rüşvətin qədrini rüşvət alan bilər. Rüşvət verən rüşvət alanı yamsılar. Rüşvəti sevən rüşvətdən doymaz. Rüşvət məmurun cövhəridir. Rüşvətinə bax, ayağını uzat. Rüşvət verən qərəzsiz olar. Rüşvət verməyən rüşvətin qədrini bilməz. Hər rüşvət verən rüşvətxor ola bilməz. Rüşvəti bol olan ölkə basılmaz. Rüşvət almayan insan olmaz, olsa da onda vicdan olmaz.

Rüşvət ver, rüşvət al, rüşvət ye, rüşvət iç, rüşvət çək, rüşvətsiz qalma, rüşvətlə yaşa, rüşvətdə qal, rüşvətdə ol, rüşvətlə öl.

Advertisements
şərhlər
  1. Firudin dedi ki:

    Əla! Bir-ikisi də məndən:
    – Rüşvət elin dirəyidir;
    – Qırağına bax, bezini al, rüşvətxora bax, qızını al;
    – Rüşvət verən mərd olar, verməyən namərd olar.

  2. Həcər dedi ki:

    Rüşvət alan, rüşvət verənin sağlığını istər.

    Rüşvət verən qərəzsiz olar.:)

  3. Həcər dedi ki:

    Məncə, Natiq bəydən pul almamalarının bir sbəbi də, onun Vəzifəsini bilib, qorxurlar ki, sonra bunları məhv edər. Normal da isə verməlidir əslində. Amma hayıf çıxırlar rüşvət ala bilmədiklərinə görə. Axı öyrəşiblər, həmişə buna görə yaxşı pul əldə etməyi.

  4. medic_2004@inbox.ru dedi ki:

    rüşvət tökərsən aşına, rüşvət çixar qaşığına

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma