“Siz Latınca yaza bilirsiniz?”

Dərc edildi: May 20, 2010 / Aktual

Azərbaycan dilinin latın qrafikalı yazıya keçməsi haqqında 18 iyul 2001 tarixli məlum qərardan 9 ilə yaxın bir zaman keçmişdir

Doğrusu bir musiqiçi olaraq, mənə bəlkə çox da aid olmayan bir sahədə naqqalıq etmək fikrim yox idi, dilçi-filoloq-filan olmadığım və buna iddiam olmadığı üçün bu barədə yazmağım bir qədər yersiz də görünə bilər, amma JEKdə(!) mənə verilən əsrarəngiz bir kulturoloji – “Siz latınca yaza bilirsiniz?” – sualından və həmin anda, küçələrimizdə yazılmış DÜLGƏR SEXİ, və ya ŞÜŞƏ SEXİ, hətta ÇEXOL SEXİ (?!) sözlərinə baxaraq, bunun nə olduğunu yarızarafat (bəzən isə ciddi) soran bəzi avropalı dostlarım yadıma düşərkən, bunların sadəcə kazus olmayıb, əsl postmodern situasiyası olduğunun fərqinə vardım.

Siz latınca yaza bilirsiniz?”– doğrusunu desək bu hərəkat bizim üçün rəmzi xarakter daşıyan 89-cu ildən bəri (bəlkə bir az daha öncə?) xaotik bir tərzdə başlanmışdı. О zamanlar bir çox obyektiv və subyektiv (bəlkə də metafizik?) səbəblər üzündən latın qrafikasına keçid bir çoxlarımız üçün sadəcə yazı ilə bağlı olmayıb, müstəqil olacağımızın, “azad” dünyanın bir hissəsinə çevriləcəyimizin, habelə etnik cəhətdən yaxın olduğumuz Türkiyə ilə görünər-görünməz sərhədlərin tamamilə qaldırılacağının danılmaz aspektlərindən biri idi, asanlıqla baş tuta biləcəyinə çox sadəlöhvcəsinə ümid bəslədiyimiz ümumi türkcə ideyası isə beyinlərimizdə və havada dolaşmaqda idi. Mədəniyyətdən daha çox siyasi sferaya aid olacaq bu addım, bizim ilk olaraq, keçmiş möhtəşəm İmperiyanın məcburən sürükləndiyimiz “vahid alfavit məkanı”nın dışına çıxmaq, “sivil” və hətta intuitiv olaraq, bir növ avropalı olmaq istəyimizdən doğurdu. Bu zamandan bəri icazəli-icazəsiz, rəsmi və ya qeyri-rəsmi, evdə-küçədə, oldu-olmadı bu qrafika ilə yazı cəhdləri kortəbii bir etiraz xarakterində idi. Nəhayət ki, 1992-ci ildə bu qrafika qanunla rəsmiləşdi və 2001-ci ilin yayından artıq məcburi xarakter aldı. Tələm-tələsik həllinə cəhd edilmiş və artıq qeyri-siyasiləşmiş bu məsələnin sırf kulturoloji problemləri indi də qalmaqdadır və qrafikanın hər hansı bir etnosun mədəniyyətində nə kimi bir rol oynadığı barədə yenidən uzun-uzadı müzakirə açmaq məqsədim olmasa da, düşünürəm ki, hər halda bəzi məqamlar üzərində dayanmağına dəyər.

Son 3-4 yüzildə planetar miqyasda tamamilə dominant-sivilizator rolunu oynayan (bir çox aspektlər nəzərdə tutulur: siyasi, hərbi, elmi-texniki, mədəni və s.) hazırkı Avropa xalqları Qədim Yunanıstanla Roma İmperiyasının varisidirlər və latın qrafikası da onlara – Qərbi Roma İmperiyasından impuls alaraq formalaşmış german-roman xalqlarına (etnik aid olmasalar da macarlar və qərbi slavlar – polayklar, çexlər, slovaklar, hrvatlar, slovenlər və s. də katoliklər kimi bura daxil edilə bilər) aid olan bir mədəniyyətin tərkib hissəsidir. Qədim zamanlardan kahinlər və kilsə ilə sıx bağlı olan yazı mədəniyyəti, Avropanın o zamankı vəhşi tayfalarına, İmperiyanın onları fəthindən və dağılmasından sonra, əsasən xristian dininin yayılması nəticəsində gəlib çıxmışdı. Bu tayfalardan – qotlardan, qallardan, sakslardan (həmçinin hunnladan, slavlardan və s.) formalaşacaq yeni millətlər – almanlar, fransizlar, ingilislər və başqaları təbii olaraq latın qrafikasında öz yazı transkripsiyalarını yaratdılar, məs: ş kimi tələffüz etdiyimiz hərf – ingiliscə sh, almanca sch, fransızca ch, italyanca sc, polyakca sz, cex dilində š kimi yazılır, almancada hallanma zamanı a, ou hərflərinin Umlaut (alm.- saitlərin dəyişməsi, burada hallanmanın nəticəsi kimi, saitin iki nögtə gəbulu kimi başa düşülür: ä, ö, ü) gəbul etdiyi zaman, iki nögtə yerinə həmçinin bu hərflərdən sonra sadəcə e hərfi qoyula bilər: ä=ae, ö=oe, ü=ue, beləliklə iki nöqtə tətbiq edilməyən latın qrafikalı başqa dillər üçün transkripsiya problemi yaranmır və s., yəni latın qrafikasının bu xalqların yazı mədəniyyətində özünün minillərlə oturuşmuş bir gələnəyi var.

Bu sahədə bir çox mürəkkəbliklər və problemlər, “köklü” olaraq latın qrafikasından istifadə edən xalqlarda bu günə qədər də qalmaqdadır və bu sahədə zaman-zaman keçirilən islahat cəhdləri indiyədək belə davam etdirilir (məs: 26 simvoldan ibarət olan ingiliscənin çox dolaşıq olan transkripsiyası məşhur yazıçı Bernard Shaw’nu qətiyyən qane etmədiyinə görə o ingilis dilinin yeni alfavitinin hazırlamasına £ 25 000 vəsiyyət etmişdi. 1962-ci ildə bu iş artıq başa çatmışdı və 48 səsdən ibarət olan alfavit ingilis dilinin fonetikasına ideal olaraq uyğun gəlirdi, amma ənənəvidən o qədər fərqlənibmiş ki, onun real həyatda tətbiqi qeyri-mümkün sayılır). Yuxarıdakı misal, avropalılarda bu ənənənin nə qədər oturuşmuş olduğunun kiçik bir sübutudur – bu cəhətdən bizdə yazı qrafikasınin dəyişilməsinin mədəniyyətimizdə və cəmiyyətimizin gələcək inkişafında nə qədər dərin bir iz qoyacağı fərqinə varılmayıb.

Məşhur Roma sərkədəsi Gneus Pompeius’un hərbi yürüşlərdə Qobustana qədər gəlib çıxması və bu barədə oradakı daşlarda latınca oyulmuş yazıların bizim tariximiz və mədəniyyətimizə aidiyyatı, latın qrafikasının bizə nə qədər aidiyyatı ola biləcək qədər müəmmalı bir sualdır. Bu cür böyük mədəni sıçrayışın gətirə biləcəyi nəticələr cəmiyyətimiz tərəfindən tam dərk edilməmış və tətbiq ediləcəyi zaman zəruri olan konsepstual yanaşma hazırlanmamışdı.

Yazı qrafikanın dəyişilməsi istənilən halda yuxarıda qeyd edildiyi kimi, tək mədəniyyət olmayıb, ilk öncə etnosun daşıdığı və qəbul etdiyi ideologiya, əsas inkişaf istiqamətləri və hətta hansı geosiyasi məkana, nüfuz dairəsinə aid olduğunun təsdiqidir – biz avropalı olmaq istəyir və gələcək perspektivlərimizi burada görürdük, bu sözsüzdür, buna hətta daima uduzaraq bizi mə’yus edən futbol komandamızın oynadığı indiki məkan da dəlalət edir. Hərçənd ki, bu oyundakı vəziyyətimiz yazı qrafikasındakından daha məqbuldur: daima hokkey oyununa daha müqabil olacaq böyük hesablarla uduzsaq da, hər halda bu oyunun bizim deyil, başqalarının fikirləşdiyinin fərqindəyik və bu oyunun heç olmazsa qaydalarına riayət etməkdəyik, məs: bu oyunda əl ilə oynanılmır, oyndankənar vəziyyət (offside) var, cərimə zərbəsi 11 metrdən vurulur, out və s.

Yazı qrafikasında isə, artıq bərpasına ilk cəhdlərimizdən 20 ildən çox bir zaman keçməsinə baxmayaraq indiyədək kirill əlifbasının mental dairəsindən və yazı qaydalarından ayrımamışıq (əlifba islahatının uğursuz edilməsi barədə çox yazılmış, çox deyilmişdi; burada başqa latın qrafikalı əlifbalara nisbətdə müxtəlif çeşidli problemlər – xüsusilə x və q hərflərinin qeyri-adekvat istifadəsi, həmçinin ə kimi latın alfavitli başqa dillərdə analoqu olmayan hərfin əsla düşünülmədən qəbulu, və b. – nəzərdə tutulur, indi bu barədə geniş söhbət açmağa lüzum görmürəm), buna hətta dərin və köklü-konseptual bir cəhd də edilməyib. Hətta latın qrafikalı dillərdə istifadə edilən bir çox sadə ümumiləşmələr belə, məs: Jazz, Sex, Taxi, WC, VIP, Web, URL və s. bu tipli sözlər latın qrafikalı dillərdə artıq tərcümə edilmir, belə kəlmələr latın alfavitli ölkələrdə artıq sadəcə məna bildirən, tərcümədənkənar ieoroqlif (o cümlədən bütün ticarət markaları, loqolar – BMW, Mecedes, Coca-cola, SONY, Peugeot və s.), hətta mixi yazı xarakteri almışdır və yalnız bü cür işlənir.

Bunların içərisində ən biabırçısı isə 16 noyabr, 1945-ci ildə BMT yanında yaradılmış, UNESCO (bu isim abbreviatura olub, ingiliscədən the United Nations Educational, Scientific and Cultural Organization kimi açıqlanır) adlanan beynəlxalaq təşkilatın isminin həm dövlət müəssisələri, həm də QHT-lər tərəfindən YUNESKO (bunun nə demək olduğunu bir kimsə söyləyə bilərmi? görəsən daha nə kimi absurd “ixtiralar” iqtidarındayıq biz, ilahi?) kimi yazılması, bu sahədəki savadsızlığın bariz nümunəsidir. Dilimizə Birləşmiş Millətlərin Beynəlxalq Təhsil, Elm və Mədəniyyət Təşkilatı kimi tərcümə olunan bu beynəlxalaq təşkilatın ismi ya olduğu tək – UNESCO (ən optimal variant da elə budur, bütün latın qrafikalı dillərdə yazıldığı kimi), ya da öz dilimizə tərcümədə abbreviatura kimi yazılmalıdır.

Latın alfaviti istifadə edilən, demək olar ki, bütün dil və ölkələrdə (o cümlədən Türkiyədə!) şəxslərin ismi və soyadı dəyişdirilmədən yazılır, biz isə bütün insanların və hətta tarixi şəxsiyyətlərin adını yenə də, kirill əlibası sistemindən istifadə edərək, eşitdiyimiz kimi, qeyri-məntiqi şəkildə yazırıq (məs: I.S.Bach yerinə İ.S.Bax (bu halda ən dəhşətlisi odur ki, məhz bu isimli, çox da tanınmamış bir ingilis bəstəkarı var!), tutalım, Condoleezza Rice yerinə Kondoliza Rays, və yaxud George Bush yerinə Corc Buş və Richard Wagner yeninə Rixard Vaqner kimi absurd, Johann Wolfgang von Goethe yerinə Yohann Volfhanq Höte (?! yaxşı, bu nə demək?), Gabriel Garcia Marquez yerinə Qabriel Markes, Eco yerinə Eko və s. və i.), nəticədə isə bu total savadsızlığa və qeyri-dəqiqliyə gətirib çıxarır. Əlbəttə burada bəzi istisnalar da mövcuddur, xatirimdədir ki, qardaşım Samirin 83-cü ildə Litvada keçirilən gənc pianoçuların müsabiqəsində qazandığı laureat diplomunda litvasayağı Mirzoyevas Samiras yazısı bizi çox təəccübləndirmişdi, (çox sonralar mənə aydın oldu ki, gürcülər də insanların ad və soyadlarının sonuna mütləq i hərfi əlavə edirlər – OK, onlar nə istəyirlər etsinlər, onsuz da onların fəxr etdikləri qrafikalarını heç kim oxuya bilmir), 80-ci illərdə Çexoslovakiyaya səfər etmiş İngiltərənin o zamankı baş naziri Margaret Thatcher’in isminin isə çexsayağı Malgorzata Thatcherova deyə yazıldığı qalmaqal da bir çoxlarının indiyədək xatirindədir.

Həmçinin latın qrafikalı yazı prinsipləri əsasında yaradılmış yeni orfoqrafik lüğət yaradılması və bir çox məsələlərin dəqiqləşdirilməsi gərəkdir, məs: şəhər adlarının necə yazılacağı, tutaq ki, amerikalıların və ingilislərin New York, polyakların Nowy York, ruslarin Нью-Йорк, başqalarının isə orijinalda olduğu kimi yazdığı bu şəhəri biz necə qeyd etməliyik – Nyu York kimi? Bir qədər məntiqsiz deyilmi? Görəsən necə yazılmalıdır – New yerinə Yeni? Və yaxud artıq sırf bizim absurd icadımız olan, nə olduğu anlaşılmaz Nyu? Hansısa uyduruq Tbilisi yoxsa Tiflis? Aydındır ki, bütün toponimlərin yazılışı dəqiqləşdirilməlidir, buna qida rasionumuza bir qədər öncə daxil olmuş və Bakı küçələrində dönərlə bərabər satılan Hamburger də (hərçənd ki, satıcılar da bir çox yerdə kirillik Qamburger, və hətta Gamburger kimi də yazırlar) dəlalət edir.

Bunlardan savayı yazı zamanı işlədilən dırnaq işarəsini, əsasən kirillik « » kimi yazmaq əvəzinə mütləq “ ” işlədilməlidir, belə ki, « » işarəsi əslində kirillik alfavitlərə məxsusdur, alman dili istisna olmaqla, (orada da bu işarə nadir hallarda və əksinə qoyularaq işlədilir – » «) demək olar ki, heç bir latın qrafikalı yazida işlədilmir və bizim icadımız olan bu əcaib qrafik simbioz tam bir absurdun məhsuludur. Habelə bütün latın alfavitli dillərdə söz ortasında işlədilən – ‘ (apostrof) işarəsinin hansı səbəblər ucundan ləğv edildiyini də anlamaq qeyri-mümkündür, halbuki bir çox sözlərin dəqiq ifadəsi üçün bu işarə zəruridir – mə’na, şe’r, ən’ənə, e’lan və s. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, səxs adlarını orijinalında olduğu tək yazarkən, dilimizdəki isimlərin hallanması bunu mütləq tələb edəcəkdir. (məs: George Bush’un siyasəti və ya J. W. Goethe’nin yaradıcılığı və s.).

Yuxarıda gətirilmiş bütün qeydlərin, “dilimizin milli xüsusiyyətləri” kimi dəlillərlə təkzib edilməsindən öncə, hörmətli oxucudan latın əlifbasının bizim tərəfimizdən qəbulundan öncəki tətbiqinin neçə min il yaşı olduğunu bir də düşünməsini rica edərdim. Gətirilmiş dəlillər heç də dilimizin xüsusiyyətləri olmayıb, məhz kirillik əlifbanın özəllikləridir. Kirill əlfbasının kabusu indiyədək yazımızda dolaşmaqdadır. Hətta mətnlərin kompüterdə çapı zamanı Microsoft XP 2002 programına qədər normal unifikasiya edilmiş şriftlərimiz belə yox idi, məlum olduğu kimi bu zamana qədər mövcud olan Azərbaycan şriftləri standart Microsoft Office paketinə daxil olmayaraq xüsusi olaraq yüklənir, latın əlifbası olmağına rəğmən RU (kirill əlifbası) kodunda yığılırdı (nə qədər absurd olsa da bu belədir, bütün proramçılar və başqaları rusdilli olduğu üçün) və indiki zamana qədər belə, çoxluq məhz bunlardan istifadə etməkdədir – indiyədək bir çox qəzetlərin və jurnalların həm çap, həm də internet versiyası və Azərbaycan türkcəsi unifikasiya edilmiş XP 2002-də deyil, köhnə kirillik kodlarda yığılır). İstənilən halda tam əminliklə demək olar – kirill əlfbasının kabusu bu günlərədək və ən müasir texnologiyalarda belə üzərimizdə dolaşmaqdadır…

***

Keçmiş Sovet İttifaqı ölkələrindən, kirilldən latın qrafikasına keçidi ilk dəfə Moldova, Azərbaycan, Türkmənistan və Özbəkistan e’lan etdilər. Rusiya daxilində isə bu məsələ ilk dəfə Prezident Dudayev zamanı Çeçenistanda, sonra isə Tatarıstanda qaldırıldı. Bu alfavit müharibələrinin nəticələri məlumdur – 2005-ci ilin yanvarında Rusiyanın konstitusiya məhkəməsi Tatarıstana bu məsələdə e’tiraz edərək ölkənin “vahid alfavit məkanı”nın pozulmasının yolverilməz olduğunu göstərərək, bu problemin istənilən halda ilk öncə siyasi, sonradan isə mədəni və s. xarakter daşıdığını bir daha sübuta yetirdi.

Lakin bu proses zamanı ən ciddi faktorlardan biri də psoxoloji amildir. Yaponiya və Çində bir neçə dəfə latınlaşma problemi qaldırılaraq müzakirə edilmişdir, hətta belə bir insident Yaponiyada yaradılmışdı, lakin ieroqliflərdən imtina hər şeydən əvvəl psoxoloji səbəblərdən qeyri-mümkündür. Dünya tarixində hələ yapon, çin və ya rus dili qədər zəngin bir ədəbiyyata malik dillərin alfavitinin dəyişməsinə misal ola biləcək bir hadisə baş verməmişdir. Bəzi ölkələr isə, bu işdə hətta sadəcə maddi problemlərlə üzləşirlər, məs: 70-ci illərdə məcburən kirill əlifbasına keçməyə sürüklənmiş Monqolustan (2002-ci ildə Qobi səhrasında beynəlxalq Festivalın iştirakçısı olduğum zaman bu əlifbanın, xüsusilə insanlarını çox bəyəndiyim bu orijinal ölkəni nə qədər gülünc etməsinin canlı şahidiyəm), qədim monqol yazısına keçid elan etsə də, bu mümkün olmadı – belə bahalı bir layihə zəngin bizlərə rəğmən kasıb dövlət üçün imkansız idi.

Əlbəttə ki, genel olaraq hər hansı bir mədəniyyətdə yazı qrafikasının dəyişilməsi, hansısa qlobal layihə ilə bağlı olur, məs: Türkiyənin 1928-ci ildə latın əlifbasına keçidi, şəriət məhkəmələrinin, mədrəsə təhsilinin, hicri təqviminin ləğvi (və hətta fəs gəzdirməyin belə qadağanı!) ilə bərabər faktiki olaraq Osmanlı Sultanlığının son olaraq məhvi, türklərin isə o zamankı dövrün tələblərinə uygun yeni, dünyəvi bir dövlət layihəsinə imzalarının rəmzi və təsdiqi idi. Zamanın tələbinə uyğun bu modernləşmə prosesi bir labüdlük, zəruri olan yeniləşmə idi, əks təqdirdə bu etnosun mövcudluğu belə şübhə altına alınmış olurdu. Lakin bu zaman bir çox aspektləri də nəzərdən çıxarmaq olmaz, əvvəla Osmanlı Türklərinin Avropa ilə istənilən formatdakı dərin təmaslarının (istənilən sferada, məs: müharibələr – nəzərdən qaçırmaq olmaz ki, Avropanın göbəyindəki Vyananın türklər tərəfindən son mühasirəsi vur-tut 1683-cü ildə baş vermişdi və o zaman Osmanlıların sərhəddi oranın cəmi bir neçə kilometrindən keçirdi! Atı at yanına bağlasan ya həmrəng olarlar, ya həmxasiyyət demişlər – əgər Avropa Osmanlıdan modern silahları, yeni döyüş taktikalarını, qəhvə mədəniyyəti və zərb alətlərini asanlıqla idxal edə bilirdisə bunun əksi niyə ola bilməsin?) yaşı 6-ci yüzilliyi haqlamışdı və bu İmperiyanın Avropaya bütün formalarda olan tə’siri kimi, ona da Qərbdən edilən əks-təsirlər tamamilə təbii idi və bu cəhətdən keçid haradasa əsaslandırılmış olmasa da, tamamilə qeyri-təbii görünmür. Bundan başqa yazı qrafikası dəyişilən zamana, o dövr Türkiyə əhalisinin demək olar ki, 90%-dən çoxu savdsız idi (bizdəki vəziyyətin tamamilə əksinə olaraq) və bu faktor da ağrılı prosesi xeyli sadələşdirirdi. Şübhəsiz ki, indiki zaman çərçivəsindən kifayət qədər skeptik görünən “Etat-Nation” (fr.- dövlət-millət, burada ənənəvi olaraq formalaşmış mərkəzçi tipli Avropa dövlətləri modeli nəzərdə tutulur, məs: Fransa, İtaliya, Almaniya və s.) layihəsi, o zaman tamailə süquta uğramış Osmanlı xaricində və daxilində yaranmış kollaps durumundan çıxış üçün ən optimal bir model idi.

Doğrudur, elə bu zamanlar (görünür eyni tipli hadisələr üçün paralel vaxt imiş!?) Rusiyada da bu yolun tərəfdarları var idi, lakin tamamilə başqa səbəblərdən – burada həqiqətən də əsassız olmayaraq tezliklə “dünya inqilabı” gözlənilirdi (bolşevik rəhbərliyinin daxili çəkişmələrinin nəticəsi kimi, 1920-ci ilin payızında Qızıl Ordunun Varşava altındakı döyüşlərdə marşal Pilsudskiyə gözlənilməz məğlubiyyəti bu planlara son zərbəni vurdu, əks halda Avropaya yol, almanların darmadağın edilmış Kayzer İmperiyasının (II Reich) viranələrində sosial-demokratlar tərəfindən tələm-tələsik yaradılmış Vaymar Respublikası üzərindən tamamilə açıq idi) və yaranacaq global ümumdünya dilinin alfaviti ancaq latın ola bilərdi. Ümumiyyətlə bolşeviklərin bütün məsələlərdə olduğu kimi, dil sahəsində də ozünəməxsus fikirləri var idi – 20-ci/30-cu illərdə hesab edilirdi ki, SSRİ-də yaşayan bütün kiçik xalqların yazı mədəniyyəti mütləq olmalıdır. Bu xalqların bəzilərində yazı mədəniyyəti heç zaman olmamış, bəzilərinin qrafikası isə “mürtəce” idi – ərəb, yaxud qədim monqol yazısı və s. Beləliklə 1923-cü ildən 1939-cu ilə kimi 50-dək yeni alfavit yaradıldı (sonralar bildiyimiz kimi bütün bu dillər yenidən kirill əlifbasına keçirildi). 1930-cu ilin yanvarında isə rus dilinin latınlaşdırılması layihəsi artıq tam hazır idi (rəhbəri prof. Nikolay Feofanoviç Yakovlev olan elmi qrup biri-birindən o qədər də fərqlənməyən üç alternativ variant təqdim etmişdi). Bu layihəni hətta A.V. Lunaçarski çox bəyənərək Leninin də latın əlibasının sözsüz tərəfdarı olduğunu xatırlatmışdı. Lakın bu dövrdə kirill alfavitinin dəyişilməsi əleyhinə çox güclü bir faktor vardı, bu ideologiya idi – Stalin məhz bu dövrdən başlayaraq “dünya inqilabı”ndan imtina etmiş və SSRİ artıq tamamilə qapalı bir ortodoksal İmperiyaya çevrilməkdəydi. Dövlət siyasətinin belə kəskin sıçrayışı nəticəsində 1937-1941-ci illər ərzində bir neçə dil (gürcü, erməni, alman, baltikyanı ölkələrin dilləri və s.) istisna edilməklə, bütün SSRİ xalqları dillərinin qrafikası kirill əlifbasına çevirildi və beləliklə İmperiyanın “vahid alfavit məkanı” təmin edilmiş oldu. Bununla da Stalin alfavitin ideoloji bir silah olduğunu bir daha təsdiq etdi. Görəsən mərhum müstəbidin heç ağlına gələrdimi ki, bu silahdan ilk öncə onun İmperiyasını xarabazara çevirənlər istifadə edəcək?

***

Bütün bunların qarşımızda nə qədər kəskin bir surətdə durduğunun fərqinə çox gec vardım, şəxsi xatirələrimə görə üzr istəyirəm, 99-cu ildə bəndənizin də əsəri ifa edilmiş İndoneziyadakı musiqi festivalının proqram kitabçasını alarkən normal xudbin hisslərlə kəndi adımın malay (bahasa) alfavitində (təxəyyülümdə sanskritə-filana bənzər əsrarəngiz bir şey gözləyirdim) necə görünəcəyini düşünərək vərəqlədim, ismimin sadəcə latın qrafikasında Almir Mirzoun (?!-yaxşı, daha bu nə demək idi ki?) yazıldığını görcək şaşırdım və hətta “bu nə deməkdir” – deyə bir qədər hiddətləndim də. Deməli bizim indilərdə ağlımıza gələni camaat uzaq Şərqdə çoxdan tətbiq edibmiş – elə onlar da latın qrafikası ilə yazırmışlar demə …

Amma mənə ilk baxışdan bu qədər mə’nasız bir cəfəngiyat kimi görünən bu fakt tezliklə karıma gəldi – elə həmən ilin payızında Praqa konservatoriyasının tələbələri qarşısındakı mühazirəmdə uzaqdangəlmış tərzdə naqqallıq edərək dünyadakı qlobalizmin nəinki incəsənət, həyatın bütün sahələrinə siraət etdiyini, bu prosesin McDonalds’larda bəh-bəhlə coca-cola işərək hamburger ötürən gənclərin timsalında Çexiyadan və latın qrafikasından istifadə edən uzaq İndoneziyadan belə yan keçmədiyini misal gətirərkən salonda elə bir qəhqəhə başladı ki, bir anlığa karıxdım – tam ciddi söhbət əsnasında belə reaksiya alınacağını heç gözləmirdim – əslində Avropanın göbəyində top atəşi kimi açılan bu gülüşlər elə mənim özümə yönəlmişdi. Bu əsl postmodern vəziyyəti idi – elitar incəsənətdə baş verən hadisələrdən, müasir musiqi üslubları və texnikasındakı müxtəlif istiqamətlərdən dəbbələyən adam, bir çoxlarımız kimi, avropalılar üçün İndoneziya ilə bizim aramızda prinsip etibarilə fərq olmadığının, malayların Avropadan bizimlə müqaisədə min kilometrlərlə uzaq olduğunun onlar üçün heç bir əhəmiyyət daşımadığının fərqinə varmamışdı. Yaradana min şükür ki, məruzədən sonra səslənən suallar sırf musiqi haqqında idi və bu epizoda heç kim fikir vermədi…

P.S. Artıq uzaqlarda qlmış 2004-cü ildə qələmə alınmış bu yazını yenidən nəşr etdirmək qərarına gələrkən, xatirimə özbəklərin latın əlifbasına necə keçdikləri haqdakı məlum məqalə çıxdı. Yenə də onlara baxanda bizə min şükür…

Advertisements
şərhlər
  1. menasiz dedi ki:

    tewekkurler… interesni idi.. 🙂

  2. mkazim dedi ki:

    Elmir müəllim, bu mövzuya toxunduğunuz üçün çox sağ olun. Ulduzlara qədər oxumağa vaxt yetirdim ancaq, savadlı yazıdır, internet məkanımızda az-az rast gəlinir belələri. Buna görə də xüsusi təşəkkür. Yazdıqlarınızın çoxu qəlbimin harayı idi elə bil, ona görə hövsələsizlik eləyib, yarımçıq da olsa, şərh yazıram.
    Bununla belə bir sıra müddəalarınızla razılaşa bilmirəm. Bəziləri sırf fakt olaraq dürüst deyil:(dediyiniz dırnaq işarəsini tək alman dili yox, fransız dili də, italyan dili də işlədir, ona görə də “absurd” deyib belə kateqorik iddialar etməzdim:). Bəziləri isə çıxardığınız nəticə baxımından məndə sual oyadır. Bu gün təəssuf ki, çox yaza bilməyəcəyəm, ancaq sonadək oxuyub ətraflı şərh yazacağıma söz verirəm.(Yeri gəlmişkən köhnə cızma-qaralarımda bu haqda bir az yazmışdım, dediyinizin əksini deyirdim.Tənqidinizi eşitməyə həmişə hazıram. Məsələn bu yazı Göte adı ilə bağlı qəribə vəziyyətə də toxunur: http://cerpeleng.wordpress.com/page/2/)

  3. Şəbnəm dedi ki:

    Bloqunuzu yeni kəşf etdim və deyərdim ki, yazı da maraqlı yazıdır. Çox sağ olun.
    “Artıq “uje” demirəm” adlı bir yazı da mən hazırlamışam, hərçənd ki, orda əlaifbalardan belə dərin söhbət getməsə də hər halda dilimizin rus sözləri ilə qarışıb, korlanmasından və istifadəçilərin Aznetdə öz hərflərimizin əvəzinə yad hərflərdən istifadəsinə toxunmuşam: http://kayzen.az/blog/2171/artıq-uje-demirəm.html#comment7385

  4. Maral dedi ki:

    Çox sağ olun.Düzünü desəm,mən də “dilimizin milli xüsusiyyətləri” deyənlərin tərəfində idim.Amma bilmədiyim məsələlər var imiş.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma