Achtung Kitsch: “Absurdistan”

Dərc edildi: İyun 19, 2010 / Aktual

Bu yaxınlarda Veit Helmerin Azərbaycanda lentə aldığı “Absurdistan” filminə iki ildən sonra yenidən tamaşa etdikdə, o zaman bu film haqda tərəfimdən yazılmış fikirlərə bir daha əmin oldum.

XX yüzilliyin ikinci yarısında ictimai-kulturoloji təfəkkürdə çevriliş etmiş filosof Jean Baudrillard, əsas anlayış kimi simulyakrı C.G.Jung’un arxetiplərinin yerinə gətirdi. Latıncada simulo kimi tələffüz edilən bu kifayət qədər mürəkkəb və eyni zamanda XX əsrin sonunun başlıca məfhumu ikinci dərəcəlilik, nəyinsə simulyasiyası, orijinaldan uzaq surət anlamı kimi yozula bilər. İstənilən halda simulyakr, olmayan gerçəkliyin, həqiqiliyin bənzəri və əvəzi, daha doğrusu arxasında heç bir reallığın dayanmadığı hiperreal obyekt və ya hadisə mahiyyətinin rəmzidir. Simulyakr eyni zamanda həqiqi olmayan hər bir şeyin və hadisənin alibisi, surroqatın yaşam haqqı və onun legitimliyidir, bunun da ən başlıca hədəfi mədəniyyət və incəsənət sferasıdır, hərçənd ki, XX əsrin sonunda artıq hər bir fəaliyyət sahəsinin performansa çevrildiyini nəzərə alsaq, müasir həyatda simulyakrın nüfuz etmədiyi yerin olmadığı qənaətinə gələrik. Bu anlayışın müasir Azərbaycandakı vəziyyətin, xüsusilə mədəniyyət(sizlik) və (anti-)incəsənət sahəsində baş verənlərin təhlili üçün müstəsna əhəmiyyəti var. 

Bu postulatların fonunda XX əsrin ikinci yarısında yaradılmış əsərlərin (kino burada müstəsna yer tutur) bir çoxunun istər-istəməz əvvəlkilərin bir növ surəti, simulyakrı, müqəvvası, qısası psevdosu olduğunun şahidiyik. Alman rejissoru Veit Helmerin, Azərbaycan premyerası iyulun 11-də Opera və Balet Teatrında baş tutmuş “Absurdistan” filminin də bu sırada istisna olmadığını əminliklə vurğulamaq olar.

Film boyu, böyük rejissor Emir Kusturica’nın keçən yüzilliyin 80/90-cı illərdən başladığı, və sonradan dünya kinematografında özünə önəmli yer tutaraq kulturoloji plasta çevrilmiş psevdofolk üslubu tragikomediya janrının və buradakı estetikanın alman rejissorunun təfəkküründə dominant olduğu hiss edilirdi. Halbuki Kusturica sonuncu bədii filmi olan “Vəsiyyət”də (2008-ci il nəzərdə tutulur), bu estetik cərəyanın özünü tükətməsini hiss edərək, sanki bilərəkdən bu mövzunu qapatmağa cəhd etmişdi – bu filmdə böyük rejissorun öz yaradıcılığına bir növ parodiya var – filmi seyr edənlər bunu təsdiq edə bilər. “Absurdistan”dakı sujet və ifadə vasitələri, buradakı satira və yumor kifayət qədər bayağı və bəsitdir (burada almanların bayağılaşdırma və dilimizə tərcümə edilməyəcək халтура mənasını verən verkitschen feli yerinə düşərdi), lakin bütün bunlar o qədər də vacib deyil, əsas məsələ bu əsərin bütövlükdə Kusturica kinosunun simuklyarı olmasıdır. Və əgər Kusturica üçün filmlərində zarafat-istehza mənbəyi olan psevdofolk-karnaval estetikası, Balkanlarda indiyədək hökm sürən həqiqi atmosferin bədii ifadəsidirsə, Helmer’in yaratmaq istədiyi konsepsiya və obrazlar istənilən halda mərkəzi Avropaya ixrac edilmiş, ən yaxşı mənada isə kobud şəkildə əxz edilmiş ekzotika xarakterindədir – sujet və personajlardan əlavə buraya filmdə istifadə edilmiş fakturanı – landşaft, geyimlər, spesifik hərəkətlər və musiqi parçalarını da əlavə edə bilərik.

Nümayiş boyu filmdə edilən cəhdlərə, mimikriyaya rəğmən, şübhəsiz ki, rahat və ucuz uğura hesablanmış bu məhsulu Kitsch (Kiç kimi oxunur) kimi şərtləndirmək gərəkdir, belə ki, Kitsch simulyakrın və psevdosurətin incəsənətdə özünə geniş yer aldığı XXI əsrin əvvəllərinin canlı təcəssümüdür. Amma qəribədir ki, filmi vəcdlə qəbul etmiş çoxluğumuz əsərin hətta isminin belə bizim üçün aktuallığını çoxdan itirdiyinin fərqində deyildir – görünür cəmiyyətimizdə dominant xarakter daşıyan geniş aqrar-lümpen kütlələrimiz indiyədək harada və necə yaşadığını hələlik dəqiq müəyyənləşdirməyib. Bu kontekstdə doğrudan da bəlkə haradasa haqsızam – əgər Azərbaycana şamil edilərsə, Emir Kusturica və Vaqif Mustafayevin istisna olması şərti ilə, bu ismi doğruldacaq bədii qüdrəti ola bilən bir sənətkar yəqin ki, hələ dünyaya gəlməlidir. 

Amma gerçəkdən “Absurdistan” arzusunda idinizsə kədərlənməyin, bunu reallaşdırmaq o qədər də çətin iş deyil, lütfən cəmiyyətimizlə geniş ünsiyyət qurun: küçələrə çıxın, “marşrutka”lardan istifadə edin, JEK-lərə baş çəkin və ən əsası – telekanallarımızı ardıcıllıqla izləyin. Uğurlar.  

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma