“Alman dəftəri” – 2

Dərc edildi: Sentyabr 13, 2010 / Aktual

Tarix

Kifayət qədər mürəkkəb xasiyyətlərinə rəğmən almanlar ünsiyyətdə sadə və xoş təəssürat bağışlayırlar, onlarda tutalım ingilis yekəxanalığı və yaxud fransız lovğalığı olmaz, bir çox başqa avropalılara xas olan təşəxxüs və xudpəsəndlik cəhətləri yoxdur. Almanlarla söhbət xoş və sərbəst keçəcəkdir, bu cəmiyyət üçün tabu olmayan (məsələn bura Hitler və Holokost daxildir) istənilən mövzuya toxuna bilərsiniz və əgər söhbət qeyri-rəsmi şəraitdə aparılırsa bu ünsiyyətdən həqiqi zövq alacağınıza zəmanət vermək olar.

Azərbaycanın son 20 ildəki tarixi bizim cəmiyyət üçün, müharibə istəsə də, istəməsə də baş mövzuya çevirib. Bizim hər birimiz bəlkə təhtəlşüuri olsa da daim bu məsələyə köklənmiş haldayıq, və hətta müharibə əleyhidarları da bu haqda düşünür. İncəsənətdə də bu mövzu daima özünü büruzə verməkdədir. Alman cəmiyyətində isə bu mövzu arzuedilən deyil. Bu mövzudakı istənilən söhbəti cəmiyyət nəzərə çarpacaq gərginlikə qəbul edir, sivil cəmiyyətin də maori qəbiləsində olduğu kimi tabular olarmış.

Tabu məsələsi isə burada sadə deyil, məsələn “Auschwitz Lüge” (“Osvensim yalanı” – Holokostun istənilən formada inkar edilməsi nəzərdə tutulur) adlandırılmış qanuna çox ciddi riayət olunur. Və hətta mətnin müəllifi August Heinrich Hoffmann von Fallersleben (1798—1874) olan və bir zamanlar “Deutschland, Deutschland über alles” (“Almaniya hər şeydən ucadır”, musiqisinin müəllifi görkəmli bəstəkar J.Haydn) adlanan Almaniya himninin ön 2 bəndi oxunmur – 1946-da beynəlxalq Nürnberq məhkəməsinin qərarı ilə qadağan edildiyi üçün. Bu yaxınlarda məşhur alman yazarı Günter Grass, Nobel ödüllü olmasına rəğmən, gəncliyində cəmi bir neçə ay SS üzvü olduğunu etiraf etdiyinin bütün Avropada hansı qalmaqala səbəb olduğu və yazıçının cəmiyyət tərəfindən necə bir basqıya məruz qalması da yəqin ki, hamının yadında olar.

Məsələ o qədər ciddidir ki, 2006-cı ildə Almaniyada futbol üzrə dünya yarışması keçiriləndə insanların bayraqlara sarılıb gəzməsi, xüsusən maşınlarda, evlərin pəncərələrindən bayraq və milli simvolların asılması az qala millətçilik kimi qiymətləndirildi. İstənilən ölkə üçün normal qəbul eidləcək bu hal TV və mətbuatda qızğıncasına çüzakirə olunur və “30-ların yenidən qayıdışı, milli şovinizmin təzahürü”kimi fikirlər yürüdülürdü. Bütün bunlar cəmiyyətdə növbəti qadağalara gətirə bilərdi, amma sonda hər halda məntiqi yanaşma qalib gəldi.

Nasional-sosializmə bu cür qəti neqativ münasibət yalnız rəsmi səviyyədə deyil, cəmiyyətdə bəlkə daha kəskindir. Bunun səbəbi II Dünya Müharibəsinin sonunda tarixdə görünməmiş bir darmadağın yaşamış (bunu sadəcə məğlubiyyət adlandırmaq əsla mümkün deyil), qeyd-şərtsiz təslimdən sonra uzun illər Almaniyanın nəinki parçalara bölünməsi, onun faktiki olaraq dünya siyasi xəritəsindən silinməsi və sonda bu xalqın ümumiyyətlə gələcək mövcudluğunun dərin şübhə altında qalmasıdır. 45-ci ilin mayından sonra 12 milyona (!) qədər almanın əsil alman torpaqları olan Şərqi Prussiyadan, Sileziyadan, Sudetdən saysız-hesabsız qurbanların qətli ilə nümayiş olunan sürülməsi da yalniz indilərdə dilə gətirilə biləcək mövzulardandır. O zaman onlarla, bəlkə yüzlərlə alman şəhərləri (ən azı Könisberg (indiki Kalininqrad), Stettin (indiki Şetsin), Dansig (indiki Gdansk), Breslau (indiki Vrotslav), Memel  (indiki Klaypeda), lap elə hazırda Avroparlamentin yerləşdiyi Strasburg və s.) müxtəlif ölkələr arasında bölüşdürüldü, hazırda ölkənin mövcudluğunun yeganə səbəbi isə o zaman qaliblər aıyansının arasında olan müstəsna bir qarşıdurma idi.

Bu dövrdə minlərlə sağ qalmış alman alimi, mütəxəssisləri qaliblərin “qənimət”i kimi ölkəni təcburi tərk etdi. Başdan-başa bütün ərazisi əsgər məzarları ilə dolu, dağıdılmış şəhərlərin xarabalığında ac mülki əhalinin – qadın, uşaq və qocaların taleyi tam olaraq müttəfiqlərin mərhəmətinə tapşırılmışdı. Bunun necə olduğunu qısaca təsvir etmək üçün, SSRi-nin işğal dairəsində nasistlərin bütün Ölüm Düşərgələrinin NKVD tərəfindən “özəlləşrilmə” və istifadəsini qeyd etməliyik, bunun hansı tərzdə baş verdiyini anlatmağa lüzum yoxur, amma hətta bu da insanlar üçün “cənnət” sayılmalı idi, çünki əks təqdirdə onları gedər-gəlməzin eşalonları, buzlu Sibir və «Архипелаг ГУЛаг» gözləyirdi. Qərb müttəfiqlərinin zonasında isə denasifikasiya prosesi cəmiyyətin aparıcı fiqurlarına qarşı faktiki terror idi, bunun bariz nümunəsi XX əsrin bəlkə də ən görkəmli dirijoru, heç bir zaman nasist partiyasının üzvü olmamış və 30-larda Hitlerin belə əleyhinə çıxmağa cəsarət göstərmiş Wilhelm Furtwängler ilə aparılmış proses haqda, macar rejissoru István Szabó tərəfindən 2002-ci ildə lentə alınmış “Taking Sides” (“Tərəflərin mövqeyi”) filmində canlandırılıb. Birləşmiş Avropanın (Fransa, İngiltərə, Almaniya, Avstriya) istehsalı olan bu filmdə o zamanın hadisələri olduca canlı surətdə təsvir edilir.

Bütün bunlar yalnız o zamanda qalmadı, ən maraqlısı keçən il açılmış sənədlərdəki məlumat idi – bu sənədlərdən aydın olur ki, 89-da 2 alman dövlətinin aktuallaşmış birləşmə məsələsinin qəti əleyhidarı keçmiş SSRİ və onun rəhbərliyi yox, məhz Mitteran Fransası və Tetçer İngiltərəsi idilər. Qorbaçovun dediyinə görə Mitteran şəxsi görüşlərdə hətta belə bir ifadə də işlədibmiş: “Biz frasızlar qonşularımız almanları o qədər sevirik ki, onların bir yox, iki dövlətinin olmasını istəyirik”.

İkinci dünya müharibəsinin bu ölkə üçün fəsadları indiyədək bitməmişdir. Almaniya Avropada iqtisadiyyat və mədəniyyətdə aparıcı dövlət olmasına rəğmən bunları siyasətə konvertasiya etmək iqtidarında deyil, və yalnız Paris ilə bir dialoqda dünya çapında söz sahibi ola bilər.

Bütün bunların bizim ölkə və regionumuz üçün çox böyük əhəmiyyəti vardır – Avropada müstəsna qurbanlarla keçilmiş tarix təssüf ki, Qafqaz üçün örnək olmadı, və çətin ki, yaxın illərdə yaranmış geosiyasi pat vəziyyətindən real çıxış baş versin.

ardi var…

Silsilə “Demokrat” qəzetində çap edilir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma