“Alman dəftəri” – 3

Dərc edildi: Sentyabr 16, 2010 / Aktual

Yollar

Nəhayət ki, gəlib çatdıq, təyyarədən endib Passkontrol’a yaxınlaşırıq – bura artıq dövlət sərhədidir. EU (Avropa Birliyi) vətəndaşları üçün ayrıca keçid var, orada demək olar ki, heç yoxlanış da olmur.

Bizlər – üçüncü dünyanın vətəndaşları – üçünsə bir qədər tələbkar sərhədçi ağıllı gözləri ilə eynəyinin altından baxaraq cidiyyətlə yaşıl kitabçamı araşdırır. Qeyd etməliyəm ki, son zamanlar Azərbaycan adlı ölkənin varlığı bir qədər reallaşıb, daha sərhədçilər gözlərini bərəldərək pasporta baxmırlar, 7 sentyabrdakı növbəti “futbol qəhrəmanlığımızdan” sonra isə küçədəki söhbətlərdə ölkəmizin adının hallandığını dəfələrlə eşitmişəm – amma buna da sevinmək lazımdır, hər halda qeybdən varlığa çıxırıq tədricən, hətta bu şəkildə olsa da.

Dəfələrlə gəldiyim və mənə artıq doğmalaşmış bu ölkə, bəndənizi yenidən, bizə süni görünən tipik qərb gülümsər sifətləri (əslində bu sünilik deyil, etiketin çox vacib bir hissəsidir və bizim cəmiyyət bunu istər-istəməz əxz etməyə borcludur, yəni heç kimdən hırıldamaq tələb olunmur, ünsiyyət zamanı gülümsünmək heç nəyi ifadə etməyərək sadəcə ritual xarakteri daşıyır) və iri, rəngarəng reklam lövhələri ilə qarşılayır. Almaniyada hava alanları və dəmir yolu vağzalları sadəcə dayanacaq yerləri yox, həmçinin iri alış-veriş mərkəzləri, konsert, happening, sərgil, performance, reklam kompaniyaları və başqa müxtəlif ictimai tədbirlər keçirilən məkanlardır. Hər yerdən xoş ətirli qəhvə qoxusu gəlir.

Hava limanları, vağzallar, dəmir yolları və qatarlar, ümumiyyətlə müstəsna inkişafa malik nəqliyyat infrastrukturu Almaniyanın xüsusi mövzusudur. Demək olar ki, hər iri şəhərdəki hava limanları, vağzal mütləq özəl arxitekturaya malik olub tarixi əhəmiyyət kəsb edir. Məsələn, Berlində dörd əsas vağzal və üç hava limanı – “Tegel” (Qərbi Berlində yerləşir, bura əsasən Amerika və qərbdən gələn uçaqlar enir), “Schönefeld” (Şərqi Berlindədir, buraya əsasən MDB və şərqi Avropadan qəlirlər) və nəhayət möhtəşəm “Tempelhof” (bura yalnız daxili uçuşlar və Avropanın bəzi ölkələri üçün nəzərdə tutulub) – vardır. Sonuncu, “Tempelhof” hava limanı 1939-da, III Reich zamanı başa çatdırılıb və məlum səbəbdən möhtəşəm antik, yunan-roma üslubundadır – II dünya müharibəsinin dağıntılarına baxmayaraq iri dimdikli qorxunc qartallar bunanın girişində indiyədək keşik çəkməkdədir. Yeri gəlmişkən, 1948-49 Qərbi Berlinin sovetlər tərəfindən blokadası zamanı, qərb ölkələri tərəfindən şəhərin bu hisəsini zəriri mallarla təhciz edən “hava dəhlizi” məhz buradan keçirdi.

Frankfurt, Hamburq, Münhen, Köln, Hannover, Leipzig və başqa iri şəhərlərin mərkəzi govşaqları da, məşhur alman avtobanları kimi təsvir üçün xüsusi yazı tələb edir. “Autobahn”ların tikintisi 1932-ci ildə, III Reich zamanı başlanmışdı. Buna görə də avtobanlar nəinki sadəcə nəqliyyat, habelə hərbi əhəmiyyət kəsb edirdi. İlk avtoban A555 Kölnü Bonnla birləşdirirdi. Hal-hazırda isə ən uzun avtoban A7, Danimarkanın sərhədlərindən, Flensburqdan Münhenə, Avstriyanın sərhədlərinə qədər gedib çıxır. Bu yollarda sürəti rahatca 300 km/saata qədər artırmaq olar. Bütün ölkəni sarmaşıq kimi bürümüş dəmir yolları isə artıq qurulmaqda olan “IV Reich”ın ən ucqar bucaqlarına belə gedib çıxır. Qatarların bir çoxunda yatacaq yerləri olmur, rahat oturacaqlarla kifayətlənilir, buna görə onları haradasa bizim rəhmətlik “elektriçkalara” bənzətmək olar (deyirlər Bakı ətrafındakı dəmir yolunu sökəndən sonra başbilənlərimiz onu yenidən inşa etmək fikrinə gəliblər, gözəl ideyadır – Allah min bərəkət versin.). İşdi, əgər ictimai nəqliyyatda biletsiz səfər etmək fikrinə düşsəniz, bu sizə 40 avroya “başa” gəlib çıxa bilər – odur ki, belə fikirlərdən vaz keçin, nəzarətçilər hər an yerin altından peyda ola bilirlər. Bir çox qatarlarda siqarət çəkilməsi üçün xüsusi yerlər ayırılıb, kofe, sərinləşdirici içkilər, keks və şirniyyati ya avtomatdan, ya da yol boyunca qatarda gəzərək bunları təklif edən qarsonlardan (ikiqat baha qiymətə) ala bilərsiniz. Satıcılar arasında avropalılara rast gəlməzsən – bunlar adətən ya zənci, ya hind-çinli, yaxud ərəb, ya da ki türklər olur…

ardi var…

Silsilə “Demokrat” qəzetində çap edilir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma