“Əli Əkbər “Kultura.Az” Portalına qarşı” Rəmzi Məhkəməsində cavabdeh qismində çıxışım

Dərc edildi: Dekabr 4, 2010 / Aktual

Hörmətli cənab hakim, hörmətli dinləyicilər,

Mənim üçün də Əli Əkbərlə 4 il əvvəl yaratdığımız Kultura.Az saytı haqqında danışmaq olduqca asan, olduqca da çətindir. Çətindir ona görə ki, özüm bu saytın qurucularından biri olmuş və hal hazırda da kifayət qədər uzun müddətdir ki, baş redaktoruyam. Asandır ona görə ki, mən də məsələnin içindəyəm, Kultura.Az-ın ilk günlərindən, yaranışından cəmiyyətimizdə nə kimi hədəflərə necə sərrast ünvanlandığınıdan xəbərim var.

Buradakı üç sualın hər biri –

  • saytın rus dilində olması və azərbaycançılıq ruhunun, milli-mənəvi dəyərlərimizin portalda hiss olunmaması;
  • saytın Azərbaycan xalqını təhqirə, ələ salmağa yönəlməsi;
  • saytda Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənələri əks olunmaması

 

bir vahid sualın həlqələridir, və mənə elə gəlir ki, cavabımda bu üç məsələni bir-birindən ayırmaq istəyim süni ola bilər.

Məsələnin mahiyyətini hörmətli hakimə, komissiya üzvlərinə və dinləyicilərə anlatmaq üçün mən ilk öncə bu Portalın yaranma tarixindən, onun yaranmasını zəriri etmiş dövrə məxsus ictimai-tarixi şəraitdən danışmalıyam.

Müstəqillik əldə ediləndən sonra, bir çox sahələr kimi, mədəniyyətdə də islah problemi bir çox obyektiv və subyektiv səbəblərdən həll edilmədi. Kültür və İncəsənətimizə baxış sovet dövründə olduğu kimi əyalət prizmasından, elə əyalət təfəkkürü ilə qiymətləndirmə şkalasında qaldı. Ədəbiyyat və İncəsənətimizdə üfürdülərək süni surətdə şişirdilmiş fiqurlar, klişeyə çevrilmiş anlayışlar, Azərbaycanda “dahi”, “korifey”, “düşya şöhrətli” kimi təqdim olunmaqda davam edilən, sovet zamanı aqitprop vasitəsilə hipnotik ictimai kapital yığmış yaşlı nəsil “ziya(n)lılar”ı heç bir ictimai məsələ ilə əsla ilgilənmədən onu yalnız mümkün madiyyata konvertasiya etməklə məşğul idi. Ölkədə tədricən ictimai formasiya kimi feodalizmin bərqərar olması həmən o sovet  “ziya(n)lılar”nı öz əvvəlki yerlərinə – saraya və ideologiya mövcud olmadığı üçün faktiki mədhiyyə və yaltaqlığa qaytardı.

Təxminən 2003-2005-ci illərdə cəmiyyətdə boyük bir pessimizm dalğası baş verdi. TV-lərdə pop kahinlərinin yüksəliş zamanı bu dövrə aid edilməli, muğam və meyxananın da faktiki olaraq hakimiyyətin ibtidailiyi kultivasiya edən ideoloji silahına çevrilməsinin məhz bu zamanlarda baş verdiyini qeyd etmək vacibdir. “Milli mənəviyyat”, “mentalitetimiz” adlı əslində Hammurapi qanunlarını xatırlatmalı olan, lakin bundan da məhrum mənasız klişelər, incəsənət adı ilə təqdim edilən folklor da hakim təbəqələrin ideoloji silahına çevrildi.

Özünü “ziyalı” adlandıran təbəqənin bu dövrdəki total məddahlıq və prinsipsizliyini, vətəndaş mövqeyinin və həqiqəti desək müasir dövrün tələblərinə cavab verəcək savad və səviyyəliərinin yoxluğunu xatırlayırsınızsa, o zaman sadə insanlardan nə gözləmək olardı ki? Beləcə bütün mənəvi həddləri tamamilə aşınmış bir cəmiyyətdə yaşarkən, baş verənləri yalnız müstəsna sarsıntılarla qəbul etmək mümkün və hətta mümkünsüz idi yəqin ki.

00-cı illərdə ölkədə baş vermiş ictimai kolliziyalırın, dərin mənəvi krizisinin, faktiki siyasi kollapsın fonunda cəmiyyətin kültür seqmentinə yeni bir islahedici nəzərin zərurət olduğu hamıya gün kimi aydın oldu. Mədəniyyətdə, mədəni anlamlarda, incəsənət tariximizdə, “ziyalı” adlanan təbəqəyə ictimai baxışda lüstrasiyanın, revizionizmin, təftişçiliyin baş verməyəcəyi halda hər hansı bir ciddi ictimai dəyişikliklərin, o cümlədən siyasi islahatların mümkünlüyü sıfıra bərabər idi. Çox maraqlıdır ki, cəmiyyətin özünü toparlayaraq, yeni gəncliyin qismində alternativ qüvvələri meydana çıxarması elə həmin cəmiyyətdə kifayət qədər birmənalı qarşılanmadı. Rəsmi təbliğatın qol-qanad açdığı bu dövrün əsas cümlələri kimi “regionun lider dövləti”, “analoqu olmayan”, “çoxvektorlu siyasət”, “görünməmiş iqtisadi inkişaf” və s. ilə yanaşı alternativ fikirdə “mən əclafam”, “bura bAzarbaycandır”, “bu xalqın qanını şprisə yığıb kanalizasiyaya axıtmaq lazımdır”, “Kül bizim başımıza” və s. kimi deyimlər hətta hakim kursa müxalif olan düşərgədə belə anlaşmazlıq doğururdu. İş orasındadır ki, hələ sovet zamanlarından bizə məlumdur – sırtıqlıqla aparılan təbliğat gözlənildiyindən tamamilə əks-təsir doğurur.

Göz önündə yeni bir intellektual və mövcud şərtlərlə barışmaq fikrində olmayan gənclik yaranmaqda idi, onları hakimiyyətə sərf edən yalançı, qeyri-həqiqi, psevdokonservativ mövqelərdən durmuş “ziyalı ağsaqqallarımız”, onların appelyasiya etdiyi “milli mentalitetimiz” əsla ilgiləndirmirdi – bu isə cəmiyyətdəki arxaik durumu köklü dəyişikliklərə gətirəcək vacib şərtlərdən biri idi. Uzun illər total təbliğat altında olmuş cəmiyyət buna əsla hazır deyildi, cəmiyyət üçün bəzi rəmzi fiqurlara baxış bucağının dəyişməsi şok effekti yaratdı. Buna görə ilk öncə aqrar feodalizm quruluşunun ölkədə bərqarar olmasında olmazın xidmətləri olmuş bu qocaman müqəddəs kötüklərimizin, onların cəmiyyətdəki hierarxik pillələri şərtləndirən mədəniyyət anlayışlarının yenilməsi gərək idi, və məhz bu səbəbdən də kültür seqmentinin total islahı tələb olunurdu.

Portalın ideya səviyyəsində yaranması zamanı, 2006-cı ilin sonları dövrünü, Azərbaycan cəmiyyətinin doğrudan da çox acınacaqlı vəziyyətdə olduğunu desək, cəmiyyəti ağır və depressiv bir vəziyyətdə təsvir etsək əsla yanılmarıq. Bu dövrdə ictimai sarsıntılar biri-birini əvəz edirdi, doğrudan da heç kəsin gözləmədiyi gedişlər baş verirdi – faktiki olaraq MDB məkanında ilk monarxik dinastiya gözlərimiz önündə quruldu; ölkədəki söz azadlığı pillə-pillə məhv edilərək öz apogeyinə jurnalist Elmar Hüseynovun qətli ilə çatdırıldı; cəmiyyətin sosial deqradasiyası, məmur qudurğanlığının kulminasiyası və vətəndaşların faktiki olaraq nəinki “varlı-kasıb”, və hətta “ağa-nökər” bölgüsü həddinə çatması da məhz bu illərə təsadüf edilir.

Doğrusu, 2005-ci ildən bəri gələn pessimizm dalğasında bir çoxlarımız, ölkəmizin demokratiyaya, vətəndaş cəmiyyətinə hazır olamdığını, bir çox işlərdə isə günahın hakimiyyətlə bərabər xalqın da üzərində olduğunu qeyd edirdik. Dediyim bu nihilist dalğa bir çox güclü, qətiyyətli, istedadlı insanları əhatə etmişdi və onlar sanki kimdənsə intiqam alırmış kimi öz fikirlərini – hərə müxtəlif rakursdan: elmi-nəzəri və ya satira-yumoristik vasitə ilə sübuta yetirir, bu işdə istedad və bacarığını əsirgəmirdi.

Lakin nə qədər ehkamvari çıxsa da, cəmiyyətin inkişafında pessimizmin yolverilməz olduğu prisipindən çıxış edərək və faktiki aqrar-feodal cəmiyyətində yaşadığımızın fərqində olduğumuzdan, təbii ki, cəmiyyətin düşdüyü bu ağır durumdan mümkün çıxış yollarının ilk öncə təhlilini aparmaq zərurəti vardı.

2005-ci il dövrü ictimai təfəkkürümüz üçün hökmən lazım olan, lakin əlbəttə ki, nihilizmlə dolu olan, keçilməli bir mərhələ idi. Faktiki olaraq kültür anlamında ictimai reviziya sayıla biləcək bu mərhələni daxilən keçə bilən insanlar cəmiyyətdəki prosesləri ayıq başla qiymətləndirməyi bacarır, belə təfəkkür artıq mifologema və ya ucuz təbliğat ilə dumanlandırıla bilməz. (Burada qeyd etmək lazımdır ki, böyük mədəniyyətə malik xalqlar bu mərhələni çoxdan keçmişlər. Məsələn görkəmli alman filosofu Friedrich Nietzsche 1895-ci ildə qələmə aldığı “Der Antichrist – Fluch auf das Christentum” (Antixrist – Xristianlığın lənəti) əsərində almanları donuz adlandırıb. Bu dövrBismarkın yaratdığı II Reyx zamanıdır, Almaniyanın birləşdiyi və yüksəliş dövrü!)

Qeyd etdiyim illərdə bu məsələlər kültür insanları kimi bizi dərindən düşündürür, cəmiyyətimiz üçün kültür islahı rolunu oynayacaq trubuna zərurəti reallığa çevrilirdi. 2006-ci ilin sonu, 2007-ci ilin əvvəllərində məhz bu səbəblər bizi Kultura.Az kimi internet resursunun açılışına çalışdığımız zaman, Azərbaycanın vitual internet dünyası əsla indiki vəziyyətdə deyil, tamamilə fərqli bir durumda idi. Hazırkı çoxsaylı internet resursları, kifayət qədər çevik sosial şəbəkələşmə və blogosfera demək olar ki, mövcud deyildi. Kültür sferada alternativ fikri faktiki olaraq yalnız ildə bir neçə dəfə işıq üzü görə bilən “Alatoran” jurnalı təmsil edirdi. Lakin zaman kültür alternativi, faktiki undergraund fikri üçün müasir informasiya cəmiyyətinə adekvat nüfuzlu bir virtual məkan gərək idi.

Bu o zamana təsadüf  edirdi ki, artıq hamı anlamışdı: informasiya cəmiyyəti əvvəlki cəmiyyətlərdən fərqli olaraq, daha geniş imkanlara malikdir. İnformasiya cəmiyyəti hər kəsin informasiya və biliyi maneəsiz almaq, onlardan maneəsiz istifadə etmək, onları mübadilə etmək, yaymaq imkanına malik olan bir cəmiyyətdir. Və cəmiyyətin öncəki durumundan fərqli olaraq informasiya cəmiyyəti şübhəsiz ki, daha intellektual cəmiyyətdir. Cəmiyyətdəki susqunluğu, rəsmi təbliğatın boş vədləri, məddahların toyxana sağlıqları üslubundakı səs-küyü məhz intellektual bir resurs tələb edirdi.

Nədən o zaman bu resursun məhz rus dilində olacağı qərarına gəldik?

Məsələ burasındadır ki, o zaman, müstəqilliyi qazandığımızdan 16 ilə yaxın bir zaman keçməsinə rəğmən, rusdilli mətbuat cəmiyyətdəki öz dominat və “mötədil” hesab edilən mövqelərini qoruyub saxlamaqda idi. Mətbuatda ən çox tirajlanan gündəlik qəzetlər “Zerkalo” və “Exo” (bundan başqa “Realnıy Azerbaijan”), internet resursları arasında isə Day.az saytı sözsüz favorit idi. Doğrusu, nə qədər də təəccüblü olsa da, cavablamaq istədiyimiz bir çox kültür mövzuları, o cümlədə folklorun, arxaizmin kultuvasiyası, ucuz ətriyyat qoxusu verən aqrar-əyalət qlamuru ilə bərabər məhz “intellektual” hesab edilən rusdilli resurlardan gəlirdi. Və bizim başlıca hədəflərimiz özünü “elitar” və apriori intellektual üstün hesab edən bu oxucu kütləsinə yönəlməli idi.

Bakının rusdilli təbəqəsinin böyük hissəsi istənilən halda cəmiyyətimizdə əslində mövcud olmayan middle class təmsilçiləri kimi, iqtisadi cəhətdən hakim dilin daşıyıcıları tərəfindən yaradılmış nisbətən ilıq iqtisadi atmosferdə mümkün qədər apolitik, yəni bizim halda hər hansı bir vətəndaş mövqeyindən məhrum kültür simulyakrı, kütləvi mədəniyyət istehlakçıları idilər. Ölkəmizdəki orta hədd idarəetməsində, o cümlədən iri şirkətlərdə management, bank sektoru, əqli zəhmət tələb edən sferalar, habelə sənət adamlarının bir çoxu (xüsusən dizaynerlər, rəssamlar, fotoqraflar, akademik və jazz musiqiçiləri, kifayət qədər çoxsaylı rusdilli yazarlar və s.) bu təbəqəyə aid idi. Bu təbəqənin, əlbəttə ki, əsasən iddialı gəncliyinin müəyyən hissəsini hansısa bir diskussiyaya dəvət etmək üçün elə onların öz “silahından” – rus dilindən istifadə gərək idi. Yuxarıda qeyd etdiyimiz kimi, sivil vətəndaş cəmiyyətindəki bütün məsələlər kültür islahından sonra tədriclə meydana gəlməli idi.

Məhz intellektual cəlbediciliy ilə fərqlənən resursun çox güclü yazarlar komandası olmalı idi. Kültür mövzularda ciddi bir yazı, bu sahədə yetişmiş və təcrübəli bir şəxsiyyətin müstəsna intellektual və zaman yatırımını tələb edir. Layihəni düşünərkən, Mədəniyyət və Kültür Portalında mütəmadi yazacaq insanların bu sahədə özünü göstərmiş dəyərli fikir adamları (məs., professorlar Rəhman Bədəlov və Niyazi Mehdi, konseptualist rəssam və filosof Teymur Daimi və s.) ilə yanaşı kifayət qədər gənclərə də (məs. kinoşünas Ülvi Mehti, bəstəkar Firudin Allahverdi, filoloq Leyla Sultanzadə və s.) yer verilməsi nəzərdə tutulmuşdu. Bundan başqa rus dili amili ölkəmizdən kənarda yaşayan soydaşlarımıza da (məs. görkəmili yazıçımız Çingiz Hüseynov, kulturoloq Rauf Fərhadov, bəstəkar Fərəc Qarayev və s.) tribunaya çıxış imkanı verirdi. Portalda həmçinin bir çox ölkələri və mədəniyyətləri təmsil edən yazarlar timsalında beynəlxalq sfera da oxuculara təqdim edilmişdi.

Qeyd edildiyi kimi yeni resursun nüfuz dairəsi ən azı Cənubi Qafqaz regionu, maksimal olaraq isə keçmiş İttifaq oxucusuna iddialı yaradılmışdı. Azərbaycanın başqa sfera deyil, məhz kültür arealında alternativ düşüncə yayınlaması, bunu ən azı region səviyyəsində sərgilənməsi ölkənin nüfuzuna xidmət edəcək əhəmiyyətli bir faktor olmalı idi. Əslində siyasi, iqtisadi və ictimai kolliziyalar içində boğulan Cənubi Qafqazda enfant terrible (dözülməz, gərəksiz uşaq – fr.) olan kültür heç zaman xüsusi bir arenaya malik olmamış, son illər isə daima bu ölkələrdə baş vermiş qanlı konfliktlər, siyasi kolliziyalar və əhalinin ciddi iqtisadi problemləri fonunda tamamilə  devant-garde mövqelərində qalmışdı. Kifayət qədər ənənəvi, mühafizəkar və hətta folklor dünyagörüşünə mailk intellektual təbəqəyə malik olan bu regionda başlıca hədəf kimi kültür islahı haqda isə əlbəttə ki, söhbət belə gedə bilməzdi. İstənilən halda bu yeni yaradılacaq resurs yalnız Azərbaycanın daxili kültür həyatı deyil, ən azından ziddiyyətlər içində boğulan Cənubi Qafqazda regional disput məqsədi daşıyırdı. Sonralar bu strategiyanın – yəni portalın ilk dili kimi məhz rus dilinin seçilməsinin – doğruluğunu zaman göstərdi.

***

Burada Portalın yaradıcı heyətinə və redaksiya konsepsiyasına “Milli dəyərlərimizi Avropa mədəniyyəti adı altında bizə sırınan mədəni surroqat­lara dəyişirik” – kimi ifadə-ittiham səsləndi. Doğrusu bu yeni fikir deyildir, artıq uzun müddətdir ki, həm “yuxarılarda”, həm də “aşağılarda” “Avropanın pisini atıb, yaxşısını götürmək” istəyi kimi çox böyük bir savadsızlıq və istehlakçı təbiətindən doğan “ictimai fikir” forması mövcuddur.

Əlbəttə ki, bu fikir yeni deyil, o 89-ci ildən, o partlayış zamanının sadəlöhv təfəkküründən bizə qalan mirasdır. O zaman bizi qəflətən haqlamış tarixin dalanından çıxışı bir çoxlarımız “milli təfəkkürdə”, “özümüzə qayıdışda”, “milli dirçəlişimizdə” görürdü. Ola bilsin ki, indi hakimiyyət yetkililərinin, rüşvətxor məmurların, pop kahinlərinin, AzTV-nin, “ziya(n)lılarımızın” tutuquşu kimi saxtakarcasına təkrar etdiyi və bununla da – əslində haqlı olaraq – gözdən saldığı bu terminlər kimlərəsə qeyri-səmimi, mənasız və ya hətta gülməli gəlsin, amma o zamanlar bütün bunlar bizim sadəlöhv cəmiyyətimiz üçün dərin və sakral məna kəsb edirdi. Bu təəccüblü deyil, maraqlısı budur ki, indiyədək özünü qoruyub saxlaya bilmiş bu profanistik fikir cəmiyyətin inkişafının hansı səviyyədə ilişib qalmasının göstəricisidir və savadsızlığın dominant olduğu cəmiyyədə total təbliğatın nəyə nail ola biləcəyinin barometridir.

Baxın, məhz bu kimi ideyanın ətrafında az qala bütün cəmiyyətimiz birləşə bilib, diqqət etmisinizsə bu fikri deyəsən hamı bölüşür: professor və bazarda alver edən vətəndaşımız, pop-show kahini (və ya kahinəsi – əgər belə demək olarsa) və ilahiyyatçılar, polis və şairlərimiz, yırtıcı məmur və onların qurbanları, rusdilli və “çuşka”larımız, və hətta iqtidar və müxalifətimiz. Bu fikir ətrafında təbəqə və sosial fərqlər belə yoxa çıxır. Amma zarafat da bir yana qalsın, sadəcə ayıbdır bu kimi şeyləri söyləmək.

Gülməlidir, demək bu fikirdən belə çıxır ki, biz, prof. Rəhman Bədəlovun dediyi kimi “artıq Qitə yox, dəyərlər məcmusu olan” Avropanı islah edərək oradan nələrisə özümüz üçün götürəcəyk, başqa məsələlərə isə veto qoycağıq?

Baxın, əgər hətta nəhəng antik mirası belə bir kənara qoysaq, İntibah dövründən sonra, XVI-XVIII əsrlərdə İngiltərədə sənaye, Fransada siyasi, Almaniyada isə fəlsəfi-estetik bir inqilab baş verdi və bu üç kateqoriyanın bütün Qitədə qarışılıqlı təsiri sonradan Avropanın sözsüz planetar dominasiyası və bəşəriyyətdə aparıcı rolunu şərtləndirdi. Və bu istiqamət yalnız Avropa üçün deyildi – bunu gələcəkdə mövcud olmaq üçün bütün ölkə və cəmiyyətlər keçməli idilər.

Bizim rəsmi təbliğatın isə cəmiyyətdə mümkün qədər arxaiazmi kultivasiya edən həmin bu “milli dəyərlər” konsepsiyası da orijinal bir şey olmayıb, hazırkı rus ideoloqları  Dugin və Surkovun Trubestkoi və Qumilyov ideyaları əsasında yaratdığı alternativ və ya paralel mədəniyyət konsepsiyasından copy-paste edilmişdir. Rusiyanın qərbyönümlü, yoxsa “özünəməxsus” yolu haqda mübahisələr üzərində qurulmuş bu ideologiyadan az qala bütün ictimai inkişafı geridə qalmış, feodal quruluşlu qapalı tipli kiçik diktaturalar geninə-boluna istifadə edir.

Bu tipli təbliğatın hipnotik təsiri qarşısında çox effektiv bir silah kimi Kultura.Az Portalında ittihamda deyildiyi kimi épatage janrı semildi. İş orasındadır ki, istənilən məsələnin müqaisəsi kəskin kontrastlar üzərində qurulmasa, problemin bu qədər acınacaqlı durumu insanlara bəyan olmayacaqdı. Şok terapiyasız gənc beyinlərdə bərqərar olmuş bu hipnotik təsirin dağılması əsla mümkün deyildi, insanlara ilk növbədə cəmiyyətin durumunun real diaqnozu verilməli,  cəmiyyətdə bu problemlər üzərində olsun ki, olduqca kəskin bir polemika, hətta mübahisələr başlamalı idi. Saray incəsənəti və yaltaq ziyalı problemi, folklorun əsla incəsənət olmaması, cəmiyyətin arxaik durumunun qəbuledilməzliyi fikri, nəhayətdə Azərbaycanın sivil Avropa dövləti qumasında kültürün çox vacib rolu haqda cəmiyyətimizdə düşüncə inqilabı baş verməli idi  və düşünürəm ki, Kultura.Az portalı bu çətin vəzifəni yarandığı bu illər ərzində yerinə yetirə bildi.

İndi ortada açıq-aşkar yeni bir faktor formalaşmaqdadır – indi səhnəyə tamam yeni gənclik gəlməkdədir. İnanmaq istərdim ki, bu gənclik özünü yaxin tariximizdə tam başqa cür mövqeləndirəcək və bunda da bizim zəhmətimizin azacıq da olsa rolu olmuşdur.

Hamıya təşəkkür edirəm.

24 noyabr, Azad Fikir Universiteti, Bakı
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma