Eurovision – “İskəndərin buynuzu var, buynuzu”?

Dərc edildi: May 23, 2011 / Aktual

İsgəndər Zülqərneyn haqdakı məşhur rəvayətdə deyilir ki, onun bircə eybi varmış – təpəsindəki buynuz. Bu üzdən başına da uzun bir şiş papaq qoyarmış ki, buynuzu görünməsin, gizlədirmiş. Bu səbəbdən hər dəfə bir bərbər çağırıb başını qırxdırandan sonra öldürtdürürmüş. Şəhərdə bərbər qalmayanda bir çobanı çağırıb başını qırxdırır, heç kimə bu sirri deməyəcəyi şərti ilə onu azad buraxır. Çoban uzun müddət sirri saxladıqdan sonra dözmür, bir çalaya ağzını tutub üç dəfə deyir ki: “İskəndərin buynuzu var, buynuzu”. Sonra çaladan qarğılar çıxır, bu qarğılardan tütək düzəldib çalanlar nə çalsalar da səs gəlir ki, “İskəndərin buynuzu var, buynuzu”… 

Eurovision haqda çox deyildi, çox danışıldı. Bir həftədir ki, dünya mediası, google map, fb və tw partlayır. Bizimkilərin sevinci çoxdan çox, amma əsəbiləşən, hirslənən, nifrət edən də az deyil. Müzakirələr hərdən çox kəskin olur. Maraqlıdı doğrusu.

Müxtəlif dövrlərin filosofları və indinin bir çox yarınanları təkrar edib ki, “istənilən pisin yaxşısı, istənilən yaxşının pis tərəfi var.” Çox “ziyalı”mız istifadə edib bu deyimdən adi bir sözü ondan sorarkən. Variabel olaraq daha ağıllı görünmək üçün ifadənin əvvəlinə hətta “Aristotel deyif kin”, “Konfusi deyirdi”, “Wittgenstein yazıb” və s. əlavə etmək olar.

Mən də hər zaman demişdim, indi də deyirəm – bizim müəllimlərimiz Xəzərin o tayındadır. Türkmənistanda oturublar. Nədən bir də təkrara varıram?

İş orasındadır ki, əvvəl-əvvəl bu xəbərə mən də bəziləri kimi əsəbi idim, bir çox səbəbdən – haqqında çox deyilmiş, çox danışılmışdı, bunları təkrar etməyəcəm. Amma sonradan burada (Kölndə yani) lap sadədən sadə adamlar (musiqiçi olmayan çevrəni nəzərdə tuturam, övladıma görə çevrəm bir qədər genişlənib) məni ilk öncə ölkəmin qalibiyyəti ilə təbrik edib, sonra Azərbaycandakı korrupsiya haqda soranda barmağımı dişlədim. İnanın bunları heç kim bu qədər aşırı yaya bilməzdi, iş orasındadır ki, siyasi-falan məqalə olsaydı bəlkə heç oxuyan da olmazdı, amma Eurovision kimi pop mövzu olduğundan hamı tərəfindən kütləvi şəkildə oxunub və yayğınlaşıb.

Heç bir müxalifət aksiyası, heç bir gəncin həbsi, hətta hər hansı yeni bir Elmarın qətli belə bu hakimiyyət haqqında dünya mətbuatında belə küy qaldıra bilməzdi – bu dəqiqdir. Mən Avropadakı adamların (yəni kütləvi şəkildə) bu məsələlərlə bu qədər maraqlanacağını və dünyanın ən nüfuzlu qəzetlərinin bu qədər yazacağını gözləmirdim – bütün məqalələrdə ilk cümlə təbii ki, El&Nikki haqda, o biri cümlə ölkənin harada yerlədiyi haqda (heç kim bilmirdi axı haradır Azərbaycan) və sonra səhifələrlə heç birimizin çatdıra bilməyəcəyi şok məlumatlar. Bütün üstündən keçilmiş məsələlər təzələndi. Azərbaycanı bu dəfə doğrudan da hamı, hər kəs tanıdı. Amma tanımaq əsla ölkə haqda AzTV mətnlərinin yayılacağı qarantiyası deyildi axı. Hakimiyyət gərək bunu etməyəydi, bu onlar üçün yəqin ki, yanlış bir addım oldu. Faktiki bu işə xərclənmiş böyük maddi vəsait isə müxalifətə PR məqsədləri üçün ayrılıbmiş kimi təfsir edilə bilər.

İndi deyən gərək, məşədi, lazım idi sənə bu? Odey Qurbanqulı, gül kimi yaşayır kişi, pulunu da sayan yox, gözün üstə qaşın var deyən də yox, pulu pul, hörməti hörmət, “kişi camaatı ilə yığışıb bir tikə çörəyini yeyir” (© M.Əhmədoğlu), töycüsünü də yığır qullarından, biyara da yollayır kimi isətəsən, səsi-səmiri çıxan yox, varlığı da heç kimin yadında yox. Qısası “bizimkilər” özləri dedi ki, “qarğa məndə qoz var”, ya da o qarğılar çaldı ki, “İskəndərin buynuzu var, buynuzu”.

P.S. Buna bənzər əhvalat əlahəzrət İslam Kərimovun da başına gəlib. Əlahəzrətin qızı, Özbəkistanın UNESCO-dakı səfiri, Parisdə oturan ülyahəzrət Lola Kərimova Rue89 fransız sitesində Özbəkistan və Kərimov haqda yazı yazmış jurnalist Augusten Scalbert’e  (adam orada əlahəzrəti “diktator” və “tiran” adlandırıbmış) qarşı məhkəmə işi qaldırıb. Xanım Parisdə böyük xeyriyyə işləri ilə məşğul olurmuş. Hətta “Kino GİSÇ əleyhinə” adlı bir tədbirdə iştirak üçün italyan kino ulduzu Monika Bellucci’yə 230 000€ hədiyyə də edibmiş. Kübar insanlarla ünsiyyət başqa zövqdür əzizlərim, bunu para ilə hasablamazlar. Bu zaman Özbəkistanın özündə isə bu xəslətiyə qarşı bir broşür buraxmış aktivist Maksim Popov  “özfəaliyyətə” görə 7 illik həbsə atılıbmış. Qısası xanıma və Özbəkistana fransız jurnalisti tərəfindən vurulan mənəvi zərər 30 000€ miqdarındadır, sonra bu para da Fransada xeyriyyəçilik məqsədlərinə gedəcəkmiş. Amma demə bu gavurlar da elə məhkəmə istəyirmiş – Augusten Scalbert məhkəmədə bütün fikirlərini faktlarla əsaslandıracağını deyib, hələ üstəlik “Reporters Without Borders” təşkilatı da ona qoşulub, həngamə qopub. İndi bu məsələ də dünya mediasının diqqətini cəlb edib, bir neçə gün öncə başlanmış məhkəmə zamanı nələr baş verəcəyini indidən demək çətindir. Əlbəttə ki, birdən rejim tərəfindən hər mənada zorlanmış insanlar, pambıq tarlalrında hakim ailənin gəlirləri üçün qul kimi işlədilən özbək uşaqları kimi maraqsız mövzulardan bəhs edilə bilər – yiyəsız-tərbiyəsiz ölkədi o Firəngistan. Kimə lazım idi ki, bu? Müasir dövrdə diktaturalar gərək dəvəquşu kim başını qumun içinə soxub sakitcə dursun və zamanını gözləsin. Bu tipli hakimiyyətlərin ən böyük düşməni elə onların Avropada respektabel, qalant, kübar obrazına girmək istəyidir.

Doğrudan da ən yaxşısı Türkmənistandı, onlardan öyrənmək lazımdı, nə qədər dedik, saqqalımız yoxdu, sözümüz keçmir.

Advertisements
şərhlər
  1. Ilgar Mirza dedi ki:

    Məsələ bundadır ki, bu il Bakıda 5 dənə 5 ulduzlu otel açılır, hamısı da bilinir kimindi. Gələn il onları doldurmaq lazımdır axı. Onları ölkə imici, ay nə bilim sadə avropalının fikri və s. nə bilim nə maraqlandırmır. Biznes – pul qoyub pul götürmək.

    Mən final günü tvitləri izləyirdim – bütün Avropa (türklərdən savayı) şokda idi. Əgər mahnı həqiqətən 1-ciliyə layiq idisə, o zaman elə əvvəldən favorit olub bütün avropanın diqqətini cəlb edərdi. Avropalılar bizimkilər kimi deyil ki, mahnıya yox, onun ölkəsinə səs versainlər. 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma