„Cavab gözləyirik“ – „lazım“ın yeni formasımı?

Dərc edildi: İyul 15, 2011 / Aktual

Bu neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov müsahibəsində prezident Medvedevin Dağlıq Qarabağ münaqişəsi üzrə müraciətinin məğzini açıqladı. Cəmiyyətdə müzakirələrə səbəb olan bu müraciətin əsas məzği, guya tərəflərin artıq razılaşmağının vaxtının çatması ilə bağlı olması idi. 

Twitterdə Rusiya XİN kanalının məlumatında hətta Lavrovdan “Cavab gözləyirik” kimi sitat da  gətirilib. Bu məsələ cəmiyyətdə xırda olsa da canlanma gətirdi, müzakirələr oldu, hətta „bəlkə də qaytardılar“ üslubuna yaxın fikirlər də səsləndirildi. Mirzə Cəlil eyni adlı hekayəni yazanda çətin ki, onun 100 ildən sonra bu qədər aktual olacağını ağlına gətirəydi, hərçənd ki, bu günün reallığını bədiyyatda əks etdirməyə çox az fantast xülyasının gücü yetə bilərdi, ən azından internet və sosial şəbəkə fenomeninin öncəgörməsinə.

Mövzuya dönəlim – bu yaxınlarda erməni hüquq müdafiəçisi Georgi Vanyan Contact.az portalına müsahibəsində bildirmişdi: “.. .Cəmiyyətdə böyük nüfuza sahib olan komitənin üzvləri (Ermənistanda 1987-ci ildə yaradılmış Qarabağ komitəsi nəzərdə tutulur) bir müddət sonra həbsə alınıb Moskvaya, Lefortovoya göndərildilər. Bu 6 ayı mən KGB-yə ezamiyyət adlandırıram…” Kifayət qədər cəsarətlə səsləndirilmiş bu həqiqət bir çox unu(t)du(ru)lmuş məqamlara aydınlıq gətirir. Yuxarıdaklı iri çaplı sülhməramlı rus məmurunun sözlərini bu həqiqətlə tutuşdursaq maraqlı məxrəc alınar – pişik məharətlə qurduğu tələni özü açıb siçanları azad etmək istəyirsə, bu zaman onlarla siçan-pişik oynadığına əsla şübhə qalmır.

Əvvəl xırda oyunçulardan başlayaq – Ermənistanın indiki rəhbərliyi Qarabağ dalğasında, tökülmüş qanların sayəsində hakimiyyətə gəlmişlərdir, onlarla hər hansı bir sülh danışığının mümkünlüyü istisnadır. Bu adamlar həmən bölgənin təmsilçiləri kimi faktiki tək Azərbaycanın bir hissəsini deyil, bütünlüklə Ermənistanı da işğal etmiş cinayətkar bir zümrədir. Onların ictimai legitimliyinin təminatçısı tökülmüş qanlar və silah qorxusunda saxlanılan hakimiyyətdir.  Azərbaycanda da buna yaxın bir mənzərəni görürük, aydındır ki, hər iki avtoritar rejimə öz qeyri-legitim hakimiyyətlərini saxlamaq üçün xarici düşmən hava-su qədər lazımdır. Ümumiyyətlə istənilən totalitar/ avtoritar rejimə xarici düşmən obrazı mütləq gərəkdir, belə dövlətlərin “mənivi özülü” (psevdo ideologiyası)  məhz bunun üzərində qurulur: Şimali Koreya və Kuba da belədir (düşmənləri Amerika), Belorus (abstrakt Qərb) və Özbəkistan da (xəyali islamçılar). Hətta bu yaxınlarda özünü regionun ağası kimi aparan Rusiyada, “Milli Lider” adlandırdıqları (heç nəyi xatırlatmır sizə?) Putini dəstəkləyəcək “Xalq Cəbhəsi” də yaradılıb. Psevdo-hərbi ritorikanı özündə daşıyan bu qurumun sitesində “Cəbhəyə yazırlar ” linki də var. “Milli Lieder”in seçilməsi üçün ölkədəki bütün rəsmi və ictimai təşkilatlar səfərbər olunub, “Отечество в опасности” tipli təbliğatı aparılan bu “Cəbhə”yə vətəndaşların dəstə-dəstə “axını” var hazırda. Bu planla “Milli Lider” növbəti 2012-də “seçilib” düz 2024-dək ölkəni qəsb etmək istəyən “qərb imperializm”mindən qorumalıdır, hərçənd ki, reallıqda qəsb etdikləri paraları və əziz övladlarını Rusiyada yox, məhz o “imperialistlər”in yaratdığı məkanlarda saxlamağı üstün tuturlar.

Beləliklə məsələnin durumuna gözucu nəzər belə, problemin həlli üçün iştirakçı cəmiyyətlərdə heç bir ilkin şəraitin, hansısa bir zəminin olmadığına işarə edir. Qarşıdurmada bilavasitə iştirak edən iki tərəf və regionun qeyri-rəsmi ağası hazırkı status-kvonu necə deyişə bilər belə olan halda?

Bundan başqa ortaya bir sual da çıxır: bəs görəsən nədən bu illərlə davam edən imitasiya (sülh danışıqları) “Milli Lider”in yox, məhz Medvedevin simasında aktivləşdirilir? Artıq prezidentliyinin 4-cü ilinə adlamış bu qeyri-ciddi adamın nəinki hər hansı bir siyasi iradəyə malik olması, hətta siyasətdə obyekt deyil, subyekt olması belə çox böyük şübhə doğurur. İldırım sürətli zamanımızda kifayət qədər böyük vaxt olan dörd il ərzində bu “unter-prezident” (V.Novodvorskaya) absurd modernizasiya arzusunu, Gürcüstanın separatçılarını Venesuella, Nikaraqua, Nauru və Vanatu(!) ilə birgə tanımağı, bir də sanki özünü doğrultmaq üçün “Azadlıq, qeyri-azadlıqdan yaxşıdır”(?!) kimi cəfəng lozunqları dilinə gətirmikdən başqa heç bir şeyi aktivinə yaza iblmədi. Gün kimi aydındır ki, prezidnet kürsüsünə illüzor legitimlik naminə əyləşdirilmiş bu (qeyri)-“Yusif Sərrac” Putinin sadəcə kölgəsi olaraq qaldı və siyasi fiqur kimi heç bir əhəmiyyət kəsb etmir. Bəlkə 2009-dan bəri bunca uğursuz  vasitəçilik özünü qismən də olsa doğrultmaq üçün elə məhz bu fiqurun və onun ətrafının hansısa şəxsi təşəbbüsü, refleksiyasıdır?

Gürcüstan demişkən, onu da bir yad edək. Bu günlərdə politoloq Mamuka Areşidze gürcü cəmiyyəti üçün tabu olan məsələni – Abxaziyanın tanınmasını ideyasını dilinə gətirib. Onun fikrincə bunun qarşılığında oradakı rus qoşunları çıxarılmalı və gürcü qaçqınları geri dönməli idilər. Təbii ki, rəsmi Tiflis və ümumiyyətlə gürcü cəmiyyəti üçün bu xəyanət kimi qəbul eidlib, lakin maraqlısı odur ki, qarşı tərəflər – Rusiya və Suxum da bu müraciəti böyük narahatlıqla qarşılayıb. Rusiya üçün bu şərtlər təbii ki, tamamilə qəbuledilməzdir, abxazlar üçünsə bu “növbəti gürcü hiyləsi”dir. Beləliklə bu adam hər tərəfdən böyük basqılara məruz qalıb, paradoksal nəticədə belə məlum olur ki, belə bir təklif bütün tərəflər üçün yolverilməzdir – bu isə məsələnin o qədər də sadə olmadığından xəbər verir.

Gürcüstanın bu misalı bizə və qonşularımıza da maraqlı nəticələrə gəlməyə imkan verir. Əgər 2008-ci il müharibəsi bu yolun o qədər də perspektivli (ən azı o zaman üçün) olmadığının nümunəsi idisə, indi cənab Areşidzenin təklifi də hazırda bu kələfdən real çıxış yolu olmadığını sübut edir.

Bütün bunlar Rusiyanın hazırkı prezidentinin Qarabağ problemində vasitəçiliyinin, ümumiyyətlə bu danışıqların nə qədər illüzor və imitasiya xarakteri daşıdığını göstərir.

Azərbaycanın məlum səbəblərdən məğlubiyyətə düçar olduğu, ermənilərin isə işğala rəğmən heç bir müsbət nəticə əldə edə bilmədiyi bu qarşıdurmanın bədii ifadəsi Oskar Wilde dili ilə ifadə edilə bilər – həyatda yalnız iki faciə olur: biri arzuladığına nail olmaq, o biri isə olmamaqdır…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma