Azərbaycanlılar və Buddizm

Dərc edildi: Sentyabr 17, 2013 / Kateqoriyasız

budda1Budda anlayışının ictimai ontologiyası

Lütfən hamı sakit olsun, burada Siddharta Qautamanın məşhur təlimindən bəhs etmək fikrim yoxdur. Arzu edənlər üçün bu haqda istənilən qədər bilgini əldə etmək problem olmasın gərək. Məsələ bizim “milli Budda”larımızın bəhsindədir, cəmiyyətdəki mövcud “milliləşdirmə” sakral sahədən də yan keçməyib. 

Lap əvvəldən başlayalım: izahı qeyri-mümkün işlər baş verən cəmiyyətimizdə nəyisə rasional məntiqlə dəyərləndirmək imkanı sıfıra bərabərdir. İş orasındadır ki, bizdə hər hansı bir peşənin mütəxəssisi heç bir məsələnin çözümünə əsla gərək olmur, onun yerinə (və elə onun özünə) istənilən başqa sahəyə aid olan insan fikir bildirə, rəy verə bilər və bu zaman bu adamlar hansısa daxili kompleks hissi keçirməkdən tamamilə uzaqdır. Burada hər hansısa savad və ya təcrübədən əsla söhbət gedə bilməz, çünki belə iddiaların yalnız sakral əsası ola bilər, çünki illərlə təhsil almaq, qalaq-qalaq kitabların mütaliəsi, filmlərin seyri, simfoniya və operaların dinlənməsi, qısası hazırkı cəmiyyətimizin idbar reallığında qafanı qeyri-praktik “cəfəngiyyatla” dolduracaq şeylərin əsla “müdriklik” əlaməti olmadığı vətəndaşlarımızın əksəriyyəti üçün gün kimi bir həqiqətdir.

Bizim nəinki “ziya(n)lı”, məişətdən başqa heç bir şeylə maraqlanmayan bir çox sıravi “materialist” vətəndaşlarımız çox rahatca yazıçıya ədəbiyyatdan, rejissora kinodan, bəstəkara operadan, psixiatra həyat fəlsəfəsindən və s. “dərs keçə” bilər, qısası istənilən sahənin mütəxəssisinə ağıl verə bilər. Eynilə bir çox zaman həmən o isimlərini hallandırdığımız sahələrin “mütəxəssis”lərinin də öz savad, təcrübə və daxili mədəniyyətlərinə görə bu sıravi vətəndaşlarımızdan əsla fərqlənmədiyini qeyd etməliyik ki, bu daha qorxulu fenomendir. Çox zaman bu fenomenin üçüncü bir səhti də açılır – məsələn real həyatda insanlarla çox rahatca cəllad kimi davranan prokuror və ya polis anadan (güldən-bülbüldən və s.) iyrənc-sentimental şeir yazır, rüşvətxor vətənpərvərlik haqda kitab dərc etdirir və s. Bunların kültür qatını açmağa girişsək, yuxarıda qeyd edildiyi kimi sakrala müraciət etməli olacağıq.

Cəmiyyətdəki total savadsızlıq Buddaların mülahizələrinin toxunulmaz mütləqiyyətini və hər hansı mübahisədən kənarlığını, mövcud ictimai quruluşun ierarxik protokolu isə onların qeyd-şərtsiz qəbulunu təmin edir.

Siddharta Qautamanın məşhur təlimindən bircə onu qeyd edək ki, Buddizmdə ustad şagirdə nəsə öyrətmək istəyirsə ona Koan adlı, ilk baxışdan cəfəngiyyatı xatırladan, lakin daxili məzmunu açılan zaman dərin bir müdrik fikri ifadə edən cümlə-məsələ qarşısında qoyur. Şagird bu cümlənin məğzini mütləq tapmalıdır, əks halda ruhi inkişafı baş verməyəcək.

Bizim milli buddalarımız Koan fenomenindən çox məharətlə istifadə edirlər, xüsusilə AzTV-nin mistikası bütünlüklə Koan üzərində qurulmuşdur. İlk baxışda cəfəngiyyat görünən sözlərin daxili anatomiyası sonra necə də açılır, və bir çoxlarını daxili nurlanmaya gətirir. Adətən verilən bu Koanlar heç bir zaman müzakirə və ya mübahisə mövzusu olmur, birdəfəlik mütləq həqiqət kimi qəbul edilir, məsələn “Avropanın yaxşı cəhətlərini götürüb, pislərini bir kənara qoymaq lazımdır”, və ya “milli mentalitetimiz …filan-filan şeyi filan edir (istənilən sözü istənilən ardıcıllıqla davam etdirmək olar – sakral buna icazə verir)” kimi ifadələr bu sərgidəndir.

Bir məsələni də qeyd edək ki, buddizmdə Budda ilə bərabər Bodhissatva fenomeni də vardır. Və əgər Budda Nirvanaya (azərbaycanlılar kimi mütləq həqiqətə) gəlib çatıb və o yüksəklikdən aşağıya müsrik kəlamlar və həkimanə sözlər yağdırırsa, Bodhissatva Nirvanadakı yüksək dərəcəsindən aşağı enib anlamayanları xilas etmək missiyasını öz üzərinə götürübdür, o var gücüylə çalışır ki, qalanlar da onun kimi mütləq həqiqətə çatıb xilas olsunlar. Misal üçün, İlhamə Quliyeva bu anlamda yəqin ki, Bodhissatvadır.

Azərbaycanda hər hansı böyük bir Budda bu dərəcəsində istədiyi hərəkəti edərsə ona heç bəraət də gərək deyil, Budda dərəcəsi ədədidir, dönməzdir, mütləqdir. Budda istədiyini söyləyə bilər, bir qədər əvvəl dediklərini dana bilər, onun etdiyi hər bir şey qəbuldur, qısası azərbaycanlı makro- və mikrokosmunda irrasional təfəkkürün zirvəsidir Budda.

Budda heç bir zaman heç nəyi sormur, o mütləq həqiqətə çatıb, o yalnız qalanlarına öz Nirvanasından kəlamlar, müdriklik çatdırmaq üçün çalışır. O sual vermir, onun dedikləri Koandır.

Əgər kimlərsə bu tərifdən razı qalmadısa, lütfən bilsin və agah olsun:

Azərbaycanda saat yarım televiziyada guya ki, poeziya və yaradıcılıqdan (əslində məişətdən) danışaraq ədəbiyyatdan/incəsənətdən bircə qaynaq və ya iqtibas gətirməyə əsla ehtiyac duymayan xalq şairi vardı. (Maraqlıdır ki, elə avtobioqrafik olaraq “səhv düşəndə yerimiz” adlı Koan da yazmışdı.)

Azərbaycanda Kim-Ki-Dukun ismini belə eşitməmiş “gənc və perspektivli” rejissor olmaq, neçə-neçə filmlər çəkmək problemsiz mümkündür.

Azərbaycanda jurnalist olaraq yazdığı bircə məqaləsi olmadan onlara “böyüklük” etmək heç bir problem deyildir.

Azərbaycanda bir zamanlar baytar olmuş və hazırda siyasi şərhləri “baytar həkimin insanlara yazdığı resept kimi” (H.H.) olan “politoloq” da mövcuddur.

Azərbaycanda “Stockhausen bəstəkardırmı?” sualını verə biləcək bəstəkar olmaq da olar.

Azərbaycandakı total savadsızlığın analoqu yoxdur əfəndilər…

P.S. Bir-iki həftə əvvəl AFU-da Prinston Universitetinin professoru Michael Reynolds ADR tarixindən mühazirə edibmiş. Tarixçi kimi XX əsrin ilk dövrlərini (əsasən I dünya müharibəsi mövzusunu) araşdıran bu adam hazırda məhz Azərbaycanın o dövr tarixi haqda monoqrafiya yazır. Mühazirədən sonrakı dialoq çərçivəsindəki söhbət zamanı auditoriyadan bir göyçək gəncimiz də professora belə bir sual veribmiş: “Niyə biz tariximizi sizdən, əcnəbilərdən öyrənməliyik?”. Şərhsiz əfəndilər, gənc və milli buddalarımız yetişməkdədir inşallah! Ardı gəlsin!

P.P.S. Amma insafən deyim ki, başqa qövmlərdən də yaxşı buddalar çıxır ha! Bir dəfə Monqolustandakı festivalda qarşıma bir qırğız buddası manasçı (“Manas” eposunun bir növ dastançısı, nəqledicisi kimi şifahi söz sənətidir) qismində Qobi səhrasında reinkarnasiya olmuşdu. Onun çadırında oturub danışırdıq – söhbət nədənsə irqlərdən gedirdi. İrqçi nəzəriyyələr və onların yaradıcılarını tam məhv edəcək (hər haqda Gobino və Rosenbergi 100%) bir möhtəşəm fikri ondan o zaman eşitdim. O, inkaredilməz bir tərzdə mənə demişdi: “İrqlər xalqlara bölündüyü kimi, hər irqin öz ermənisi də olur. Məsələn polyaklar slavyanların ermənisidir”. Belə mütləq təfəkkürlə rastlaşmamdan şaşırıb ondan “yaxşı o zaman bəs biz türklərin ermənisi kimdir?” – deyə soranda cavabı: “Özbəklərdir əfəndim” oldu. Hinduistlər demişkən “Naxvamdis”.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma