‘Aktual’ Kateqoriyası üçün Arxiv

Bir həftədir əməlli-başlı “mediaqırğın” gedir – aləm dəyib bir-birinə. Ramil Səfərovun Vətənə gətirilməsi və bunun ətrafında baş verənlər bütün ətrafı – cəmiyyətləri və ölkələri silkələdi. Birmənalı qiymətləndirilməsi mümkün ola bilməyəcək bu olay və skandalın səs-küyü nəinki səngimək bilmir, əksinə, qalmaqal get-gedə daha da güclənməkdədir. Ramilin ölkəmizə gətirilməsi və elə hava limanındaca əfv edilməsi, kapitan olmadan birbaşa mayor rütbəsini alması və s. bir PR aksiya idi – bu da heç bir şübhə oyatmır, bu haqda çox deyildi, yazıldı.

Əslində çox maraqlıdır – nəhayət ki, gündəmə TV-lərdəki “ulduz”, meyxanaçı və falçılar ordusunu üstələyərək bir zabit gəlmiş, bu qalmaqalın mərkəzində “mövqe tutaraq” görünməmiş bir PR fiquruna çevrilmişdir. Professor Rəhman Bədəlov Ramil və qətlə yetirilmiş Marqaryanın zabit olduqlarından bu məsələdə Dreyfusun işi ilə paralel apardı, doğrusu ilk olaraq mən də bu haqda düşünmüşdüm, amma sonra tam başqa situasiyanı xatırladım. Məsələ də burasındadır ki, bu olay zamanı hansısa bir konkret fiqur (məsələn zabitlər – Səfərov və ya Dreyfus) deyil, situasiya daha vacibdir.

Paralellər qüsurlu olsa da, düşünürəm ki, düşdüyümüz vəziyyətdə xatırlamağımız fəna olmaz.

1938-ci ilin noyabr ayında Almaniyada (III Reich zamanı) Kristallnacht (“Xrustal gecəsi”) keçirildi. Şübhəsiz ki, NSDAP tərəfindən təşkil edilmiş xalq kütlələri qəzəb və ekzaltasiya altında küçələrə axışır, Almaniyanın bütün şəhərlərindəki sinaqoqalara od vurub yandırır, yandırılması mümkün olmayanları barbarcasına dağıdır, yəhudi dükanlarını qəsb edilir, qorxudan başını itirərək küçələrə qaçışan yəhudilər döyülür, zorlanır və öldürülürdü. Cəmi 2 gün (8-9 noyabr) ərzində 267 sinaqoq (bunlardan bəziləri memarlıq incisi sayılırdı, məsələn Münhendəki sinaqoq) və minlərlə dükan dağıdılmış, 100-ə yaxın insan öldürülmüş, minlərlə günahsız insan həbs edilərək konsentrasiya düşərgələrinə göndərilmişdi. Maraqlısı bu idi ki, 1936-cı ildə Berlin Olimpiadası keçirilən zaman yəhudi məsələsi bir qədər səngidiyindən bu cür eksperssiya və ekzaltasiyalı kütləvi çıxışlar ola biləcəyini heç kim gözləmirdi. Lap NSDAP hakimiyyəti zamanı olsa da, istənilən halda almanlar qanuna tabe toplum olaraq, bu qədər açıq-aşkar, nümayişkəranə və ən əsası kütləvi cinayət törətməyəcəkdi.  Lakin bu nifrət dalğası necə və hansı səbəbdən yaranmışdı, yalnız kifayət qədər uzun sürən antisemitizm təbliğatının nəticəsi idimi?

Əlbəttə ki, təbliğat çox vacib idi, lakin bu benzin çəlləyini yandırmaq üçün kibrit çöpü gərək idi və o tapılmışdı. Bu alman əsilli və Parisə qaçmış 18 yaşlı Grynszpan Herschel idi. Onun homoseksual əlaqədə bulunduğu ehtimal edilən alman diplomatı Ernst von Rath’a qəsd etməsi hadisələrə qığılcım rolunu oynadı. Almaniyadan ailəsinin sürgün edildiyi haqda faciəli xəbərdən dərin təsirlənmiş Herschel alman diplomatını qətlinə qərar verir, və onu tapançadan atəş açaraq öldürür. Fransız polisi bu gənci hadisə yerində həbs edir, lakin növbəti ildə Fransa ilə Reich arasındakı müharibə məhkəmə işinin başlanmasına imkan vermir. Sonda Herschel alman ordusunun iğal etdiyi Fransadan Almaniyaya gətirilir, lakin nasional-sosialist hakimiyyəti açıq məhkəmə keçirməyə cəsarət etmir – həqiqi ari və diplomat, ən başlıcası bu dövrdə artıq milii qəhrəmana çevrilmiş Ernst von Rath’ın seksual azlığın nümayəndəsi olmasının etirafı demək olardı. Herschel heç bir məhkəməsiz-falansız sadəcə ölüm düşərgəsinə göndərilərək orada itirildi.

Lakin bu faciəli olay 1938-ci ildə Almaniyanı lərzəyə gətirdi. Hadisənin sabahı günü Almaniyada nasional-sosialist mətbuatı hay-küy qopardı, Ernst von Rath avtomatik milli qəhrəmana və “yəhudi qurbanına” çevrildi. KİV-dən kifayət qədər effektiv istifadə edən Goebbels nazirliyi bu nifrət və ekzaltasiyanı ildırım sürəti ilə ölkənin ən uzaq künclərinə qədər yaydı və nəticədə “Xrustal gecəsinə” rəvac verildi. Hazırda bu hadisələr zamanı Gestapo’nun xüsusi məqsədlə başlıca rol oynadığı heç kimsədə şübhə oyatmır.  Herschel və von Rath burada sadəcə mühairbənin sonradan milyonlarla udduğu qurbanlarından idi.

İnsan cəmiyyətinin qəbul eidlmiş hüquqi, mənəvi, sivil və insani qaydalarının tapdalaması üçün uzun müddətli təbliğat və bunu alışdıran qığılcım gərəkdir. Hazırda belə bir qığılcım bizdə baş vermidir – istənilən halda brutal qətl hadisəsini törədən bir insan az qala milli qəhrəmana çevrilmişdir. Yazmışdım artıq bu haqda – Ramilin halına acımaq gərəkdir, o artıq bu situasiyanın girovuna çevrilib. Bəlkə özünün də arzulamadığı bir PR fiquruna çevrilmək çox ağır yük və ifadəsi belə mürəkkəb və paradoksal vəziyyət yaradıb – hazırda bu insan əfv edilsə də, faktiki ev dustağina çevrilib.

Onun bu situasiyadan çıxış yolu varmı, yoxmu, ümumiyyətlə mümkünmü – bunu demək çox çətindir.

Azərbaycanın isə buradan nəyisə udduğunu iddia etmək fikrimcə azından sadəlöhvlükdür, ən azı bu kənardan bu heç də yaxşı görünmür, amma bu kənara, bu fakt qarşı tərəfə çox böyük arqumentlər verdi. Hansısa danışıqların bundan sonra mümkünlüyü ola bilər, amma bu artıq açıq-aşkar teatra çevriləcək.

Hərçənd ki, bu hadisə Yerevanda bizdən az reaksiya doğurmasa da, onların nəsə ifrata gedib Qarabağın müstəqilliyini tanıyacaqlarına inanmıram – Ermənistan siyasətin subyekti deyil, obyektidir, bu üzdən bu mümkün deyil.

İnsan cəmiyyətləri üzərində idarə formaları, metodları, mexanizmlərinin təkmilləşdirməsi işi lap qədim zamanlardan gedir, çağdaş dövrdə isə bu müstəsna və mükəmməl bir xarakter almışdır. Azərbaycan və Ermənistan kimi böyük sarsıntılar keçirmiş, indi də dərin komplekslər (“məğlub və qalib”, “qurban və cəllad”, və s.) altında yaşayan, üstəgəl böyük sosial bəlaların tuğyan etdiyi cəmiyyətlərdə bu qat-qat asan alınır, burada manipulyasiya rahatlıqla baş tutur və Səfərovun işi bunun gözəl sübutu idi.

Mövzu ilə maraqlananlar lütfən 1997-ci ildə Barry Levinson tərəfindən lentə alımış “Wag the Dog” (“Quyruq iti bulayarkən”) filmini izləsinlər. Cəmiyyətin media üzərindən necə idarə edilməsi və bizim situasiya ilə olmazın paralelləri orada görəcəksiniz. Doğrudan da incəsənət həyatı qabaqlamalıdır. Bu filmin az qala canlı timsalını öz gözlərimizlə həyatda gördük. Təki sonluğu belə faciəli olmasın – göylərdən ricam budur.

Əjdaha müəllim

Dərc edildi: Mart 29, 2012 / Aktual

Facebookda Şahvələd bəyin „Nizami Gəncəvi prezidentin məddahı rolunda“ məqaləsini paylaşmışdılar, oxudum, möhtəşəm! Xatirimə hardasa 98-cı ildə-falanda, qısası Heydərin zamanında olmuş başqa bir bənzər əhvalah düşdu. O zaman nəsə yubiley tədbiri idi, deyəsən Az-kinonun “100 illiyi” söhbəti idi, demək Respublika sarayında səhnəyə dörd kino personajı çıxmışdı: Dədə Qorqud kimi Həsən Məmmədov, Babək kimi Rasim Balayev, Hacı İsmayılov ənənəvi olaraq Şəkili müəllim, Siyavuş Aslan da Məşədi İbad obrazında – əgər nəyisə səhv etmirəmsə. O zaman da o ki, var təriflədilər Heydəri, sonda da kino üçün pul istədilər. Heydər də onlara baxıb gülürdü.

Söhbət hərlənib-fırlanıb təxmini belə getmişdi:

Babək (əllərini irəli uzadaraq): Mən uzun illər vuruşdum ki, Azərbaycanın müstəqilliyinə nail olam. İndi Azərbaycanın rəhbəri kimdir?

Şəkili müəllim: Azərbaycan müstəqil dövlətdir, böyük də rəhbəri var: Heydər Əliyev! (əli ilə zala işarə edərək, vurğu da məhz sonuncu iki kəlmədə idi, əvvəlkilərdə yox)

Babək: Əgər o böyükdürsə Azərbaycanın müstəqilliyi əbədi olacaq.

Məşədi İbad: Amma bizə axı pul lazımdı… (ağlamsınıb) Pulsuz kinonu axı necə çəkək?

Dialoqlar tam dəqiqliyi ilə verilmədiyi üçün özürlər, amma təxmini belə idi.

Bununla bağlı (bəlkə heç bir dəxlisi olmasa da) 90-larda gəzən bir lətifəni xatırladım:

Demək dənizdə sərnişin gəmisi üzən yerdə birdən tufan qopur, dalğalar şahə qalxır, dəniz aralanır və dibindən dəhşətli yekə bir əjdaha çıxır. Sərnişinlər göyərtədə dayanıb qorxudan titrəyir, bu zaman əjdahanın bədheybət səsi eşidilir:

–   Kişilər sağa, arvadlar sola, kişiləri s..cəm, arvadları yeyəcəm!!!

Dəhşətdən hamı donur. Özünə birtəhər gələn bir qadın dillənir:

– Əjdaha qərdeş, belə bağışlıyuz e, həməşə başqa cür olub axı. Arvaddarı s…blər, kişiləri yeyiblər axı?

Bu zaman „troyka“ geymiş, qoltuğu papkalı müəllim görkəmli çal kişi:

–  Bağışlayun, bağışlayun, müdaxilə etmək lazım döyül, əjdaha müəllim özü bilər kimi yeyər, kimi də s..ər!

No comment!

Göydən düşən üç alma

Dərc edildi: Fevral 17, 2012 / Aktual

Yeni il nəsə çox hərəkətli gəldi, bir çox hadisələr baş verdi, indi də sürətlə biri-birini əvəzləməkdədir.

Hazırda regionda və ölkədə böyük dəyişikliklər ərəfəsindəyik, bu dəqiqdir. Bütün bunlar qarşımızda böyük suallar qoyur, hər bir insanı qismən də olsa müasir dövrün tələblərinə cavablarını olmasa da, ən azı düşünməsini zəruri edir. Ölkədə olmasam da, sosial şəbəkələrdə bunu açıq-aydın sezmək olur.

Koan haqda artıq yazmışdım, buddizmdə ustadın şagirdə nəsə öyrətmək zərurəti yarandıqda ona Koan adlı, ilk baxışdan cəfəngiyyatı xatırladan, lakin daxili məzmunu açılan zaman dərin bir müdrik fikri ifadə edən cümlə-məsələ qarşısında qoyur. Şagird bu cümlənin məğzini mütləq tapmalıdır, əks halda ruhi inkişafı baş verməyəcək.

Cəmiyyətimiz bu Koan fenomenindən çox məharətlə istifadə edir, AzTV-də-falanda hər gün koanla danışılır əslində. Bu Koanlar heç bir zaman müzakirə və ya mübahisə mövzusu olmur, birdəfəlik mütləq həqiqət kimi qəbul edilir. Bu mənada bizim cəmiyyətdə istənilən çağırışa cavab tapmaq çox asandır.

İş orasındadır ki, son illərdə Azərbaycanda istənilən qlobal problemlərin yekunu (söhbəti bağlamaq kimi də transkripsiya edilə bilər) kimi universal frazalar mükəmməlcəsinə işlənmişdir, əziz dostlar, və mən burada bunların üç ən məşhur variantını nəzərinizə çatdırıram. Bu cümlələr istənilən yüklü söhbətdə yardımçınız ola bilər, və maraqlısı odur ki, hər üç varinatdan gözüyümulu istafadə edə bilərsiniz, inanın ki, çalışacaq, mütləq təsirini göstərəcəkdir.

Demək:

1. Qurtarın bu komediyanı, öldürərəm özümü!!!
2. Ataram pencəyimi çiynimə, gedərəm…
3. Biz böyük oyunun peşkalarıyıq!

Vəssalam, şod-təmam.

Göydən üç alma düşdü, bir nəfər yedi hamısını.

Çoxdan yaddan çıxmış repper bir zamanlar demişkən: “kef elə!”

İncildə deyilmişdir ki, dünyanın yaranışında ilk əvvəl söz olub. Bununla da rəmzi olaraq sözün əhəmiyyəti vurğulanır. Folklorumuzdakı “xəncər yarası sağalar, amma söz yarası sağalmaz” kimi deyim də məhz bu fikri nəzərdə tutur – sözün gücünü və əhəmiyyətini.

Son 20 ildə cəmiyyətimizdə sözün əhəmiyyəti demək olar ki, özünü tamamilə itirmişdir – buna tam əmin olmaq üçün yaxın tarixə bir göz atmaq kifayətdir. Bu dövrdə o qədər sözlər deyildi, o qədər sözlər verildi ki, deməklə bitən deyil. Sözlərdən çamur düzəldildi, sözlər çay kimi axıdıldı, vulkan kimi püskürdü, hava kimi buraxıldı, un kimi üyüdüldü – bununla da tamamilə mənasızlaşıb gücünü və əhəmiyyətini itirdi.

Həmən 20 ilin 18 ilini hakimiyyətdə olmuş iqtidarın hünəri sayəsində bu məsələ öz apogeyinə çatıb – əgər atası “ataram pencəyimi çiynimə, gedərəm Qarabağı alaram” deməklə gəlib ortada oturmuşdusa, balası bu oturumun düz 10-cu ilində gəlib “Qarabağ siyasətimizi yenidən başlamalıyıq” kimi sözü deyibən, indi də artıq özünün 9-cu ilinə keçməkdədir. Sözlər də axıdılmaqda davam edir, təbii ki.

Bunların şübhəsiz ki, bütün cəmiyyətə də təsiri olmamış deyil – bütün nəyəsə sorunlular, yəni kimdən ki, nəyisə sormaq gərəkdir, hamısı avropalılar demişkən “bla bla bla” etməklə məşğuldur. Onları hamınız çox gözəl tanıyırsınız, isimlərini çəkməklə bitməz – müxtəlif nazirliklər, ittifaqlar, idarələr, komitələr, qısası zorlu-vəzifəlilər, deputatxanadan, TV-lərdən, bəzi nadirləri istisna mediadan heç danışmağa da dəyməz. Bundan başqa xüsusi kaqorta da vardır – sovetozavr “ziya(n)lılar”, bunların da dəqiq kateqoriya və xarakteristikasını nadir parlaq simalarımızdan Şahvələd bəy verib – “danışa danışa susanlar”.

Qısaca, hakimiyyətimiz söz-falan hərləmir, nə kiminsə sözünə əhəmiyyət verir, nə də özü dediyi sözün hansısa bir əhəmiyyəti vardır – demək sözlə bunlara nəsə qandırmaq, çatdırmaq mümkün deyil, bunu anladıq.

Bundan fərqli olaraq rəqəmlər 18 illik iqtidarımız üçün çox vacib bir əhəmiyyət kəsb edir. Rüvşətlər, “şapkalar”, “otkatlar”, büdcə dağıntıları, layihələrdən çəkilən faizlər, 80 milyona yol, 100 minə bir sinif otağı, daha nə bilim nələr, nələr. “600 min iş yeri”, “əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı filan qədər olub”, “strateji valyuta ehtiyatları nə bilim neçə milyarda çatıb”, “ÜDM-in nə bilim neçə faiz inkişafı” və s. bu qəbildəndir.

Bundan başqa hansısa abstrakt əhalinin “asudə vaxtını səmərəli keçirmək hüququnu” qorumaq məqsədilə izacəsi verilməyən (əslində nə icazəsi gərəkdir, bunu da bilən yoxdur) mitinqlərə gələnləri dənə-dənə sayaraq onların sayının gah 25, gah 100, gah da 200 nəfər olduğu dönə-dönə qeyd edilir.

Demək ki, iqtidarın orfoqrafiyasında rəqəm sözdən üstün tutulur, rəqəmlərə ciddi yanaşılır, rəqəm bunlar üçün çox vacib və funksional əhəmiyyətə malikdir.

O zaman bütün bunlardan nə kimi nəticə çıxır? Belə alınır ki, bunlar artıq sözlük deyil, rəqəmlikdirlər. Görünür rəqəmlər, hesab həll etməlidir məsələni. Yuxarıdan təyziq artdıqca, sözlərə ümid tamamilə öldükdə, məsələ rəqəmlərə çevrilə bilər. Tarixi təcrübə də bunu göstərir ki, sözə əsla, hətta nümayişkəranə tərzdə fikir verilməyəndə, sonucda rəqəmlər ortaya çıxır, dominasiya edir və rəqəmlər məsələni sözdən fərqli olaraq çox ağır yollarla həll edir.

Azərbaycanda bir kimsə bunu istəməzdi əlbəttə, amma rəqəmlərə üstünlük verənlər, malesef ki, artıq işdə bunu ediblər.

Dostlar, dünən Ərəstun bəyin facebook statusunda ziyalılar haqdakı fikri məni düşündürdü – doğrudan da necə edək, hansı yolla insanlarımıza bizim „ziya(n)lı“ adlanan varlıqlarımızın kim olduğunu çatdıraq? Söz ilə çatdırmaq olmur – bunu anladıq, illərcə deyilsə də mümkün olmadı. Düşündüm ki, bəlkə bu varlığın zəruri həyat protokolunu ezoterik təlimlərlə tutuşdurub, qavranmağı rahat olsun deyə sadə qrafika ilə təsvir edəlim?

Hinduizmin çakra sistemindən xəbəri olanlar yəqin ki, bu qrafikadakı təsviri çox rahat anlayar. Bu sistemə görə insan varlığının 7 əsas energetik nöqtəsi var və insanın nurlanmasının mümkünlüyü enerjinin aşağıdan yuxarıya pillə-pillə qalxması ilə bağlıdır. Ən aşağı çakra Muladhara olub cinsəl orqanlarla, həyatın özülü ilə bağlıdır, ən yuxarı çakranın isə ismi Şahasrara (diqqət ediniz lütfən: kökü Şah kəlməsindən gəlir) olub artıq ən yüksək sferalara, göylərə ucalma, somathi (bir növ hinduizmin nirvanası) ilə bağlıdır. Bundan aşağıdakı çakralar müvafiq olaraq Acna (iki qaşın ortasında, beyin nahiyəsində yerləşir) ail şüuru ehtiva edir, ondan aşağıdakı Vişuddha (boğaz çakrası) rasional məntiqi təfəkkürü, oradan aşağıdakı Anahata (qəlb çakrası) empatini, hissləri ehtiva edir, bir qədər sonra gələn Manipura (göbək çakrası) isə qarını, bundan başqa özünəinamı ki, bizdə əslində bu qarınla çox bağlıdır, hakim hissləri (bu da eləcə) ifadə edir, sonra gələn Şvadhisthana çakrası isə arzular və həzz ilə bağlıdır.

Hinduist sisteminə görə bu çakralardakı enerji aşağıdan yuxarı qalxdıqca seksual-tutqun rəngini tədricən dəyişir, qarln və hisslər, sonra rasionaldan keçərək, getdikcə işıqlanmaya yaxınlaşır və sonda 7-ci, ən vacib çakra açılır və kosmosla, ail şüurla kontakt baş verir.

Eyniylə də bizim „ziya(n)lı“ adlanan varlıqlar da bu mərhələni keçir – baza kimi yaltaq və təlxək olmaq gərəkdir, bu da həyatın özülüdür. Sonrakı ilk addım onlara “ilham verir” və onlar “arzulara” dalırlar, Manipura isimli qarın mərhələsinə çatanda artıq yetkinləşmənin ilk təzahürləri görünür. Bütün bunlar yuxarıda bəhs edildiyi kimi kifayət qədər tutqun enerji ilə müşayiət edilir, bu mərhələlərdə yetişməkdə olan ziya(n)lı kifayət qədər ağır dövrünü yaşayır, “ağsaqqal” olmaqçün aftafatutanların çox qəddar rəqabətinə rəşadətlə davam gətirib bu yolda olmazın  iztirablar keçirir və təşəkkül tapır. Bu mərhələdə ümumi “minusovka” hələ ki, yaltaqlıq olsa da, bəzən, xüsusilə əgər Az.TV-yə çıxış olarsa ciddi fikirlərlə də müşayiət edilə bilər (tipa “92-də gəlmişdilər də… küçəyə çıxa bilmirdik… ” və s.). Sonrakı mərhələlərdə tədrici “nurlanma” baş verir, açıq-aşkar yaltaqlığa ehtiyac olmasa da hərdən-birdən xarakter olaraq çıxa bilər, tədricən “ağsaqqal”in formalaşması baş verir. Bu varlıqlarda yuxarı mərhələlərdə əvvəllər hətta (əlbəttə ki, əbədi susan) deputat olmaq şansı da olub – malesef indi praktiki olaraq bu mümkün deyil. Lap yuxarı mərhələlərdə keçilmiş yolun ağır və mürəkkəb olduğunu nəzərə alaraq, xarakterdən və situasiyanı anlamaqdan asılı olaraq (göylərlə kontakta girən çakranın işə düşməsi ilə feodal protokolunu adekvat dəyərləndirmənin itməsi sindromu) “ziya(n)lı” nəyisə çaşdırıb “susmuşuq-falan” da deyə bilər və bu zaman çakraların normal funksiyası pozula bilər.

Səbəblərdən asılı olaraq, bu sindrom kəskin gedişli və ya illər ərzində yavaş inkişaf edə bilər. Simptomlar isə ağa tərəfindən baxımsızlıq, diqqətsizlik, fikir verilməməsi, hakim dairələrdən iqnor, torpaq sahəsinin alınması və s., nəticədə “bədəndən” tamamilə uzaqlaşdırılma, “blatın” azalması, yuxusuzluq və zəiflik, depressiya, bədən kütləsinin artması və buna müvafiq olaraq tərs “ictimai açıqlama”dır.

Ziya(n)lıda göylərlə kontakta girən çakranın (Şahasrara) işə düşməsi ilə feodal protokolunu adekvat dəyərləndirmənin itməsi sindromunu aşkarlamaq hakim təbəqə üçün çətinlik törətmir. Diaqnoz adətən, kliniki əlamətlərə görə qoyulur və laborator müayinələrə əsasən təsdiqlənir. Müalicə demək olar ki, hər zaman uğurlu keçir və çakraların funksiyası bərpa olunur. Tətbiq edilmiş müalicənin qeyri-effektivliyi zamanı əlavə müayinə aparılmalı və müalicə əlavə stimullar şəklində (yeni adlar, yubiley, vəzifə, mandat, yeni mənzil və s.) korreksiya edilməlidir.

Bütün bu proses zamanı “ziya(n)lı” üçün ictimai mənada heç bir əlavə simptomlar yaranmır, əksinə bu “ziya(n)lı”nın yükünün artmasına da xidmət edir.

“Uşaqlığın son gecəsi?”

Dərc edildi: Sentyabr 20, 2011 / Aktual

Tələbəlik zamanından bir ideyam var idi – “Toy və simfonik orkest üçün Konsert” yazmaq istəyirdim. Bunun üçün filarmoniyanın səhnəsində gərək çadır qurulaydı. Çadırın içərisində ənənəvi toy musiqiçiləri tərkibini təmsil edən manıslar üzərində pambıqdan “Хош ҝәлмисиниз” yazılmış xalçanın qarşısında oturub öz partiyalarını ifa etməli, simfonik orkestr də bu zaman sonoristik aura yaratmalı və s. baş verməli idi. Bir növ Bunuel estetikasının intuitiv təzahürü idi, hərçənd ki, o zaman bu rejissorun yaradıcılığı ilə tanış deyildim.

Doğrusu o zamanlar həllinə cəsarət etmədiyim bir növ teatral, iri miqyaslı lövhə konseptini gələcəyə saxlayaraq, hər halda nə zamansa reallaşdıracağımı düşünürdüm. Bir neçə incəsənət növünün sintezində qurulacaq bu əsərin qayəsi yenə də cəmiyyət problemlərini qabardacaq absurd estetikada olmalı idi.

Amma indi baxıb görürəm ki, həyat mənim o zamankı fantaziyalarımı üstələyib və bu ideya aktuallığını artıq çoxdan itirib. İndiki total toyxananın ve absurdun qarşısında mənim o zamankı ideyalarım çox geri qalır, sadəlöhvdür, hətta bayağıdır və mən bunlarla əbədi sağollaşmalıyam.

Əlvida “Toy və simfonik orkest üçün yazılmamış Konsert”. Səni mənsiz yazdılar və estetikasını da möhtəşəmcəsinə qurdular. Daha deyiləsi heç bir sözüm qalmadı, insan anlamaynada ki, onu dolayırlar, yoxsa o özü debildir, ya Herman Hessenin sehrli teatrına düşüb, yoxsa Bulgakovun əcinnələrinin balına – özünü belə hiss edir. Eşq olsun Az.TV və cəmiyyətimizə, bilirdim ki, sonu belə olacaq. Bircə o bəlli deyil ki, statistləri olduğumuz bu möhtəşəm göstərinin rejissoru indiki toyxananı hansı dahilərin estetikasına uyğun bitirməyi nəzərdə tutub – Bunuel, Pasolini, von Trier, yoxsa Vaqif Mustafayev?

Təəssüflər. Əlvida. Yeganə təsəllim ondadır ki, bu cəmiyyətin təxmini gələcək modeli haqda hələ 20 il bundan əvvəl bədii təxəyyülümdə öncəgörməyə bənzər nəsə olubmuş.

Bu neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov müsahibəsində prezident Medvedevin Dağlıq Qarabağ münaqişəsi üzrə müraciətinin məğzini açıqladı. Cəmiyyətdə müzakirələrə səbəb olan bu müraciətin əsas məzği, guya tərəflərin artıq razılaşmağının vaxtının çatması ilə bağlı olması idi. 

Twitterdə Rusiya XİN kanalının məlumatında hətta Lavrovdan “Cavab gözləyirik” kimi sitat da  gətirilib. Bu məsələ cəmiyyətdə xırda olsa da canlanma gətirdi, müzakirələr oldu, hətta „bəlkə də qaytardılar“ üslubuna yaxın fikirlər də səsləndirildi. Mirzə Cəlil eyni adlı hekayəni yazanda çətin ki, onun 100 ildən sonra bu qədər aktual olacağını ağlına gətirəydi, hərçənd ki, bu günün reallığını bədiyyatda əks etdirməyə çox az fantast xülyasının gücü yetə bilərdi, ən azından internet və sosial şəbəkə fenomeninin öncəgörməsinə.

Mövzuya dönəlim – bu yaxınlarda erməni hüquq müdafiəçisi Georgi Vanyan Contact.az portalına müsahibəsində bildirmişdi: “.. .Cəmiyyətdə böyük nüfuza sahib olan komitənin üzvləri (Ermənistanda 1987-ci ildə yaradılmış Qarabağ komitəsi nəzərdə tutulur) bir müddət sonra həbsə alınıb Moskvaya, Lefortovoya göndərildilər. Bu 6 ayı mən KGB-yə ezamiyyət adlandırıram…” Kifayət qədər cəsarətlə səsləndirilmiş bu həqiqət bir çox unu(t)du(ru)lmuş məqamlara aydınlıq gətirir. Yuxarıdaklı iri çaplı sülhməramlı rus məmurunun sözlərini bu həqiqətlə tutuşdursaq maraqlı məxrəc alınar – pişik məharətlə qurduğu tələni özü açıb siçanları azad etmək istəyirsə, bu zaman onlarla siçan-pişik oynadığına əsla şübhə qalmır.

Əvvəl xırda oyunçulardan başlayaq – Ermənistanın indiki rəhbərliyi Qarabağ dalğasında, tökülmüş qanların sayəsində hakimiyyətə gəlmişlərdir, onlarla hər hansı bir sülh danışığının mümkünlüyü istisnadır. Bu adamlar həmən bölgənin təmsilçiləri kimi faktiki tək Azərbaycanın bir hissəsini deyil, bütünlüklə Ermənistanı da işğal etmiş cinayətkar bir zümrədir. Onların ictimai legitimliyinin təminatçısı tökülmüş qanlar və silah qorxusunda saxlanılan hakimiyyətdir.  Azərbaycanda da buna yaxın bir mənzərəni görürük, aydındır ki, hər iki avtoritar rejimə öz qeyri-legitim hakimiyyətlərini saxlamaq üçün xarici düşmən hava-su qədər lazımdır. Ümumiyyətlə istənilən totalitar/ avtoritar rejimə xarici düşmən obrazı mütləq gərəkdir, belə dövlətlərin “mənivi özülü” (psevdo ideologiyası)  məhz bunun üzərində qurulur: Şimali Koreya və Kuba da belədir (düşmənləri Amerika), Belorus (abstrakt Qərb) və Özbəkistan da (xəyali islamçılar). Hətta bu yaxınlarda özünü regionun ağası kimi aparan Rusiyada, “Milli Lider” adlandırdıqları (heç nəyi xatırlatmır sizə?) Putini dəstəkləyəcək “Xalq Cəbhəsi” də yaradılıb. Psevdo-hərbi ritorikanı özündə daşıyan bu qurumun sitesində “Cəbhəyə yazırlar ” linki də var. “Milli Lieder”in seçilməsi üçün ölkədəki bütün rəsmi və ictimai təşkilatlar səfərbər olunub, “Отечество в опасности” tipli təbliğatı aparılan bu “Cəbhə”yə vətəndaşların dəstə-dəstə “axını” var hazırda. Bu planla “Milli Lider” növbəti 2012-də “seçilib” düz 2024-dək ölkəni qəsb etmək istəyən “qərb imperializm”mindən qorumalıdır, hərçənd ki, reallıqda qəsb etdikləri paraları və əziz övladlarını Rusiyada yox, məhz o “imperialistlər”in yaratdığı məkanlarda saxlamağı üstün tuturlar.

Beləliklə məsələnin durumuna gözucu nəzər belə, problemin həlli üçün iştirakçı cəmiyyətlərdə heç bir ilkin şəraitin, hansısa bir zəminin olmadığına işarə edir. Qarşıdurmada bilavasitə iştirak edən iki tərəf və regionun qeyri-rəsmi ağası hazırkı status-kvonu necə deyişə bilər belə olan halda?

Bundan başqa ortaya bir sual da çıxır: bəs görəsən nədən bu illərlə davam edən imitasiya (sülh danışıqları) “Milli Lider”in yox, məhz Medvedevin simasında aktivləşdirilir? Artıq prezidentliyinin 4-cü ilinə adlamış bu qeyri-ciddi adamın nəinki hər hansı bir siyasi iradəyə malik olması, hətta siyasətdə obyekt deyil, subyekt olması belə çox böyük şübhə doğurur. İldırım sürətli zamanımızda kifayət qədər böyük vaxt olan dörd il ərzində bu “unter-prezident” (V.Novodvorskaya) absurd modernizasiya arzusunu, Gürcüstanın separatçılarını Venesuella, Nikaraqua, Nauru və Vanatu(!) ilə birgə tanımağı, bir də sanki özünü doğrultmaq üçün “Azadlıq, qeyri-azadlıqdan yaxşıdır”(?!) kimi cəfəng lozunqları dilinə gətirmikdən başqa heç bir şeyi aktivinə yaza iblmədi. Gün kimi aydındır ki, prezidnet kürsüsünə illüzor legitimlik naminə əyləşdirilmiş bu (qeyri)-“Yusif Sərrac” Putinin sadəcə kölgəsi olaraq qaldı və siyasi fiqur kimi heç bir əhəmiyyət kəsb etmir. Bəlkə 2009-dan bəri bunca uğursuz  vasitəçilik özünü qismən də olsa doğrultmaq üçün elə məhz bu fiqurun və onun ətrafının hansısa şəxsi təşəbbüsü, refleksiyasıdır?

Gürcüstan demişkən, onu da bir yad edək. Bu günlərdə politoloq Mamuka Areşidze gürcü cəmiyyəti üçün tabu olan məsələni – Abxaziyanın tanınmasını ideyasını dilinə gətirib. Onun fikrincə bunun qarşılığında oradakı rus qoşunları çıxarılmalı və gürcü qaçqınları geri dönməli idilər. Təbii ki, rəsmi Tiflis və ümumiyyətlə gürcü cəmiyyəti üçün bu xəyanət kimi qəbul eidlib, lakin maraqlısı odur ki, qarşı tərəflər – Rusiya və Suxum da bu müraciəti böyük narahatlıqla qarşılayıb. Rusiya üçün bu şərtlər təbii ki, tamamilə qəbuledilməzdir, abxazlar üçünsə bu “növbəti gürcü hiyləsi”dir. Beləliklə bu adam hər tərəfdən böyük basqılara məruz qalıb, paradoksal nəticədə belə məlum olur ki, belə bir təklif bütün tərəflər üçün yolverilməzdir – bu isə məsələnin o qədər də sadə olmadığından xəbər verir.

Gürcüstanın bu misalı bizə və qonşularımıza da maraqlı nəticələrə gəlməyə imkan verir. Əgər 2008-ci il müharibəsi bu yolun o qədər də perspektivli (ən azı o zaman üçün) olmadığının nümunəsi idisə, indi cənab Areşidzenin təklifi də hazırda bu kələfdən real çıxış yolu olmadığını sübut edir.

Bütün bunlar Rusiyanın hazırkı prezidentinin Qarabağ problemində vasitəçiliyinin, ümumiyyətlə bu danışıqların nə qədər illüzor və imitasiya xarakteri daşıdığını göstərir.

Azərbaycanın məlum səbəblərdən məğlubiyyətə düçar olduğu, ermənilərin isə işğala rəğmən heç bir müsbət nəticə əldə edə bilmədiyi bu qarşıdurmanın bədii ifadəsi Oskar Wilde dili ilə ifadə edilə bilər – həyatda yalnız iki faciə olur: biri arzuladığına nail olmaq, o biri isə olmamaqdır…